UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ferentsvaroş” oyunu qollu heç-heçə ilə başa çatıb

Tokio, 4 avqust , /AJMEDIA/

Avqustun 3-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edib.
AJMEDIA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov yer alıblar.
“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Sami Mmae, Mats Knuster, Tokmak Nquen, Anderson Esiti, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Frank Boli və Aissa Laiduni çıxıblar.
İsveçli baş hakim Andreas Ekberq idarə etdiyi oyunda hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub. Birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
Oyunda “Ferentsvaroş”un futbolçusu Sami Mmae zədələnib. Belçikalı müdafiəçi ikili mübarizə zamanı ayağından xəsarət alıb.
Görüşü davam etdirə bilməyən 26 yaşlı oyunçu 57-ci dəqiqədə Rasmus Telanderlə əvəzlənib.
Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə təşkil olunacaq.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts