Tokio, 8 noyabr, /AJMEDIA/
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
AJMEDIA xəbər verir ki, məktubunda Qədim Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə Türkiyə xalqı və şəxsən öz adından dövlətimizin başçısı İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarına ən səmimi təbriklərini çatdırdığını vurğulayan Prezident Ərdoğan qeyd edib: “Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.
Şuşa Bəyannaməsi ilə taclanan, “Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram.
Azadlıq uğrunda şəhid olan qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edirəm. Qazilərimizə də minnətdarlığımı ifadə edirəm”.