Türk dünyası böyük birliyə doğru qətiyyətlə addımlayır
Qədim türk yurdu Naxçıvandan başlayan missiya uğurla davam etdirilir

Tokio, 3 noyabr , /AJMEDIA/

Noyabrın 3-də Azərbaycan üçün qardaş ölkə olan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü öz işinə başlayacaq. Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsikimi yüksək qiymətləndirilməlidir. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi, bu birliyin bütün dünyada mühüm söz sahibinə çevrilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və ölkəmizin bundan sonra da bu birliyin məqsədlərinə sadiq qalacağı şübhəsizdir. Azərbaycanın bu istiqamətində töhfələrindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə, qədim türk yurdu Naxçıvanda imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt bu sənədi dörd ölkənin rəhbərləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü – Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, bu dövlətlər Şərqdən Qərbə tam bir nəqliyyat marşrutunu – Orta Dəhlizi təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Dövlətimizin başçısının söylədiyi bu fikirlər bu gün TDT-yə üzv ölkələrin iqtisadi münasibətlərində öz əksini tapır.
Ümumilikdə 4,8 milyon kvadrat kilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bunu 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikasının ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olması birbaşa təsdiq edir.
Bu artım Azərbaycanın həmin ölkələrlə iqtisadi əlaqələrinə öz təsirini göstərib. Belə ki, 2022-ci ildə Azərbaycanla Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur. Həmin dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb.
Bununla yanaşı, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və bu təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələri, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəyini verdi. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. TDT-yə üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda təntənəli açılış mərasimi keçirilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi və digərlərini qeyd etmək olar. Eyni zamanda, bu ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına TDT-yə üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır.
Beləliklə, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr TDT-nin rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts