Toşiyuki Fucivara: Azərbaycanın bugünkü sürətli inkişafının təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanır

Tokio, 8 may , /AJMEDIA/
Ömrünün 40 ilini Yaponiya Xarici İşlər Nazirliyi sistemində çalışmış, 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, bir müddət Yaponiya Beynəlxalq Münasibətlər İnstitutuna rəhbərlik etmiş və hazırda keçmiş dplomat kimi təqaüddə olan Toşiyuki Fucivara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini AJMEDIA-nın müxbiri ilə bölüşüb.
T.Fucivara bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun yaddaşında unudulmaz xatirələrlə qalıb. Qeyd edib ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin siyasi fəaliyyəti hələ tələbə vaxtlarından onun diqqətini cəlb edib. Heydər Əliyev beynəlxalq səviyyəli siyasi xadim, yalnız yaxın dövrü deyil, həmçinin uzaq hədəfləri görən, çox dərindən düşünən dövlət adamı kimi onun yaddaşında özünə yer tutub: “Həmin vaxt yalnız slavyanlardan və xristianlardan ibarət olan Siyasi Büroda azərbaycanlı və müsəlman Heydər Əliyevin güclü mövqe qazanması mənim bu barədə fikrimi birbaşa təsdiq edir”.
Yaponiya Xarici İşlər Nazirliyində çalışdığı son illərin məhz Azərbaycan ilə bağlı olduğunu qeyd edən T.Fucivara bildirib ki, diplomatik fəaliyyəti ilə əlaqədar yaddaşında qalan ən xoş xatirələr bu ölkə ilə, onun rəhbəri Heydər Əliyevlə bağlıdır. 1998-ci ilin fevralında Heydər Əliyevin Yaponiyaya dövlət səfərini xatırladan keçmiş diplomat qeyd edib ki, həmin vaxt o Xarici İşlər Nazirliyində müstəqilliyini yenidən bərpa etmiş ölkələrlə iş üzrə şöbəyə rəhbərlik edirdi. O zaman Yaponiyanın dövlət qonağı kimi ilk olaraq hansı respublikanın dövlət başçısını dəvət etmək məsələsi ortaya çıxanda T.Fucivara məhz Azərbaycan Prezidenti Heydər Əliyevin bu dəvət üçün ən yaxşı namizəd olduğunu bildirib. Lakin bu dəvətin Heydər Əliyev tərəfindən qəbul edilib-edilməyəcəyi onu bərk həyəcanlandırıb, Azərbaycan rəhbərinin çox qısa zamanda, 1-2 gün sonra dəvətə müsbət cavab verməsi isə həddindən artıq sevindirib: “Söz yox ki, bu dəvət hazırlanarkən müstəqilliyini yeni bərpa etmiş respublikalar arasında hansının Yaponiya üçün daha əhəmiyyətli olması nəzərə alınırdı və Heydər Əliyev də Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyinə görə, qısa zamanda bizim dəvətimizə müsbət cavab verdi. Çox qısa zaman kəsiyində rellaşan həmin səfər zamanı iki ölkə arasında əldə edilən razılaşmalar və imzalanan çoxsaylı sənədlər münasibətlərimizin bu gün də davam edən dostluğa çevrilməsində mühüm rol oynadı”.
Onun yaddaşında 1999-cu ildə Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri kimi etimadnaməsini Prezident Heydər Əliyevə təqdim etdiyi anın da dərin iz buraxdığını vurğulayan T.Fucivara bildirib ki, bu, diplomatik fəaliyyətinin ən gözəl xatirələrindən biri kimi onun qəlbində qalıb və dərin iz buraxıb. Azərbaycanda çalışdığı dövrdə iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxdığını, qarşılıqlı etimadın möhkəmləndiyini qeyd edən keçmiş səfir vurğulayıb ki, bütün bu uğurlar məhz Heydər Əliyevin köməyi ilə əldə edilib.
Keçmiş diplomat Heydər Əliyevlə bağlı yaddaşında qalan məqamlar arasında növbəti anın nə qədər kədərli olsa da onun xatirəsində dərin iz buraxdığını bildirib. 2003-cü ilin aprelində Bakıdakı Respublika Sarayında növbəti çıxışı zamanı Heydər Əliyevin ürəyinin qəflətən tutmasını, ətrafındakıların bütün cidd-cəhdinə baxmayaraq, yenidən səhnəyə qayıdaraq nitqini davam etdirməsinin onun yaddaşına həkk olunduğunu qeyd edən T.Fucivara bildirib ki, həmin an, bu böyük dövlət adamının rəhbər kimi, Prezident kimi üzərinə düşən vəzifələri, məsuliyyəti necə dərindən dərk etməsinin əsl nümayişi idi. Bu hadisə Heydər Əliyevin böyük dövlət adamı, böyük siyasət adamı olduğunu bir daha təsdiq etdi.
Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayan TşFucivara qeyd edib ki, Azərbaycanın bugünkü sürətli inkişafının təməlində məhz onun müəyyən etdiyi strategiya dayanır. Heydər Əliyev nəinki ölkə daxilində ictimai-siyasi sabitliyi bərpa edərək vətəndaş həmrəyliyinə nail oldu, eyni zamanda, beynəlxalq aləmdə baş verən prosesləri dərindən təhlil edərək digər dövlətlərlə əlaqələri qarşılıqlı maraqlar əsasında qurmağı bacardı. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını hazırlayaraq, beynəlxalq şirkətlərin iştirakı ilə “Əsrin müqaviləsi”ni imzaladı və ölkəsinin gələcək tərəqqisinin əsasını yaratdı. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına şaxələndirilmiş xətlərlə çıxarılmasının əsasını qoyan Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti yalnız öz xalqı üçün deyil, eyni zamanda, beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xarici dövlətlər üçün də çox faydalı oldu: “Bu baxımdan Azərbaycan-Yaponiya münasibətlərinin formalaşmasında və inkişafında bu görkəmli dövlət xadiminin əvəzsiz rolu mütləq qeyd edilməlidir. Mən deyərdim ki, həmin münasibətlərin uğurlu inkişafı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf etdiyinə görə arzu olunan nəticələri verdi. Məhz Heydər Əliyevin həmin vaxt yaratdığı baza üzərində qurulmuş siyasət bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin davam etməsini şərtləndirir. Hazırda Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan ilə Yaponiyanın münasibətləri çox yüksək səviyyədədir və bu əlaqələr durmadan irəliləyir. Bu, Yaponiyanın Azərbaycanda çalışmış səfiri kimi məni çox sevindirir”.
Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts