Tokioya yağan güclü qar səbəbindən 500-dən çox şəxs xəsarət alıb

Tokio, 8 yanvar, /AJMEDIA/

Yanvarın 6-da və 7-də yağan güclü qar nəticəsində Tokioda 500-dən çox xəsarət alan şəxs xəstəxanalara yerləşdirilib.

AJMEDIA yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Yaponiya paytaxtına son dörd ildə ən çox qar həmin günlərdə yağıb.

Tokio Yanğınsöndürmə Xidmətinin yaydığı məlumata görə, yanvarın 6-da və 7-də ciddi xəsarət almış 525 nəfər xəstəxanalara yerləşdirilib. Qar yağan müddətdə havanın kəskin soyuması yollarda buzun yaranmasına səbəb olub və nəticədə çoxsaylı yol-hərəkət qəzaları qeydə alınıb. Yaponiya paytaxtında baş vermiş 77 yol-hərəkət hadisəsi nəticəsində xəsarət alanlar var.

Tokioya girişə xidmət edən körpülərdə, xüsusən paytaxtın əsas qapısı hesab olunan “Göy qurşağı” körpüsündə 100-dək avtomobil bir neçə saat hərəkətsiz qalıb.

“All Nippon Airways” şirkəti Tokionun “Haneda” beynəlxalq aeroportunda doqquz reysi təxirə salıb. Bəzi dəmiryolu xətlərində də qatarların hərəkətində fasilələr yaranıb.

Tokio ilə qonşuluqda yerləşən Saytama prefekturasında 140 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilir.

Paytaxtın şimal-şərqində yerləşən İbaraki prefekturasında isə güclü qar nəticəsində 548 yol-nəqliyyat hadisəsinin baş verdiyi və 64 nəfərin müxtəlif xəsarətlər aldığı qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts