Tokioda Qafqaz və Mərkəzi Asiya xalqlarının mahnı və rəqslərindən ibarət konsert alqışlarla qarşılanıb VİDEO

Tokio, 7 sentyabr , /AJMEDIA/

Tokionun mərkəzində yerləşən “Meguro Persimmon Hall” mədəniyyət mərkəzində keçirilən Yaponiya ilə Qafqaz və Mərkəzi Asiya ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunan “Naməlum cazibə” adlı konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
AJMEDIA xəbər verir ki, Yaponiyanın “Otantik Bunka” qrupu tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, özbək, gürcü və uyğur rəqsləri, bəstəkar musiqisi və xalq mahnıları tamaşaçılara Azərbaycan, türk, özbək və yapon sənətçilər tərəfindən təqdim edilib.
Tamaşaçılar əvvəlcə konsert zalının girişində Yaponiyada fəaliyyət göstərən “Azerbaijan table”, “Tulpar” və “Kuniya” şirkətlərinin təqdim etdiyi məhsullarla tanış olublar.
Təşkilatçılar tərəfindən 3 hissəyə bölünmüş konsertin I hissəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın ifasında bəstəkar və xalq mahnıları səslənib. Türk rəqqasə Güldənin improvizasiya ilə ifa etdiyi “Evləri var xana-xana” xalq mahnısı tamaşaçıların alqışı ilə qarşılanıb.
Tədbirin II hissəsində tamaşaçılara əsasən rəqslər təqdim edilib. Azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın yapon rəqqas Tayqa Nozaki ilə birlikdə ifa etdiyi “Naz eləmə”, “Gülüstan” qrupunun üzvü Keyko Beksin ifa etdiyi “Uzundərə”, azərbaycanlı rəqqas Azərnuşun ifa etdiyi “Bəy rəqsi”, “Otantik Bunka”nın qızlardan ibarət rəqs qrupunun ifa etdiyi “Nəlbəki rəqsi”, Tayqa Nozakinin ifa etdiyi “İgidlər”, Dilarə Qazıyevanın türk rəqqas Bəkirlə birlikdə ifa etdiyi “Məzəli rəqs”, həmçinin gürcü, özbək və uyğur rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin III hissəsində isə “Lyaqas” qrupunun ifa etdiyi “Azərbaycan maralı” Azərbaycan, “Mən səni sevdim” türk və acar mahnıları da yapon tamaşaçılara yüksək zövq verib.
Konsertdən sonra “Otantik Bunka” qrupunun rəhbərliyi ilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyi arasında gələcək əməkdaşlıq barədə ilkin fikir mübadiləsi aparılıb.



Follow us on social

Facebook Twitter Youtube

Related Posts