Tokioda keçirilən “JFEX-2022” beynəlxalq sərgisində Azərbaycan ilk dəfə böyük stendlə təqdim edilir

Tokio, 22 iyun , /AJMEDIA/

İyunun 22-də Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda açılan “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri ilk dəfə böyük stendlə təqdim edilir.
AJMEDIA xəbər verir ki, Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan yüksək keyfiyyətli, xüsusi orqanik məhsulları həm bu gündoğar ölkənin, həm də Asiya regionunun şirkətlərinə təklif olunur.
Qeyd edək ki, “JFEX-2022” beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərindən biri hesab edilir. Təşkilatçıların bildirdiyinə görə, koronavirus pandemiyasının enişə doğru getdiyi vaxtda təşkil olunan sərgidə dünyanın, o cümlədən Yaponiyanın 1500 yaxın şirkəti iştirak edir. Üç gün davam edəcək sərgiyə on minlərlə ziyarətçinin gələcəyi proqnozlaşdırılır.
“JFEX-2022” sərgisində Azərbaycan şirkətlərinin yüksək səviyyədə təmsil olunduğunu qeyd edən “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: “Bu sərgidə iştirak edən Azərbaycan şirkətləri yüksək baxışa malik, ölkə daxilində uğur qazanan və xaricə, xüsusən də Asiya bazarına çıxmaqda maraqlı olan şirkətlərdir. Çox şadam ki, yapon xalqı zaman keçdikcə möhtəşəm Azərbaycan haqqında daha məlumatlı olmağa başlayıb.
Ötən il paytaxt Tokioda və Osakada təşkil olunmuş üç sərgidə Azərbaycan məhsullarını artıq nümayiş etdirmişik. Budəfəki sərgi isə Yaponiyada təşkil edilən ərzaq məhsullarının və içkilərin ən böyük sərgilərindən biridir. Bu tədbirə Yaponiyanın hər yerindən təxminən 15 min alıcının qatılacağı gözlənilir. Planlaşdırdığımız kimi, Azərbaycan stendi üç tərəflidir və təqribən 55 kvadratmetr sahəni əhatə edir. Burada Azərbaycan məhsullarının təqdimatı üçün mükəmməl şərait yaratmağa çalışmışıq. Sərgidə iştirak edən şirkətlərin təqdim etdiyi şərab, nar şirəsi, fındıq, xurma qurusu, müxtəlif çeşiddə digər quru meyvələr, bal, ədviyyatlar və başqa məhsullar burada yer alıb. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Sahibkarlar Federasiyası (ASK) və “Ailə Biznesinə Asan Dəstək” (ABAD) şirkətinin dəstəyi ilə iştirakçı şirkətlərin nümayəndələri də sərgiyə qatılmaq üçün Tokioya gəliblər. Bu, həmin şirkətlərin Yaponiya bazarına daxil olması üçün böyük imkan deməkdir. Arzumuz Yaponiya bazarını Azərbaycanın hər yerindən mallarla təmin etməkdir. Düşünürəm ki, Yaponiya bazarında əldə ediləcək uğur və təcrübə ilə digər ölkələrin bazarlarına daxil olmaq nisbətən asan olacaq”.
Beynəlxalq sərginin Azərbaycanın orqanik məhsullarının tanıdılması baxımından əhəmiyyətini qeyd edən “AZGRANATA” şirkətinin ixrac departamentinin müdiri Tural Hacıyev isə bildirib ki, bu günədək dünyanın 20-dək ölkəsinə şirkətin məhsullarını satırlar: “Təəssüf ki, həmin ölkələr sırasında Yaponiya yox idi. Bu gün isə “TET International Development Co.LTD” şirkətinin yardımı ilə ilk dəfə məhsullarımızı yapon alıcılara təqdim edirik. Ümid edirik ki, “Made in Azərbaijan” brendi ilə dünyaya səs salan məhsullarımız Yaponiya bazarında da özünə yer tutacaq. Yerli şirkətlərlə müqavilələr imzalayaraq, Yaponiyaya da məhsullarımızı ixrac edəcəyik”.
Artıq bir ildir ki, Zaqatalanın “AHEC” şirkətinin məhsullarını Yaponiya bazarına ixrac etdiklərini xatırladan şirkətin təsisçisi İsmayıl Orucov isə qeyd edib ki, sərgiyə qatılmaqda məqsəd yeni alıcı şirkətlərin müəyyən olunmasıdır: “Ümid edirik ki, “JFEX-2022” sərgisi bizə Yaponiyada və ətraf ölkələrdə yeni tərəfdaşlar tapmağa yardım edəcək. Belə möhtəşəm sərgiyə gəlməyə göstərdiyi köməyə görə “TET International Development Co.LTD” şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan fındıq məhsulunun istehsalı və ixracatçısı kimi dünyada ilk beşliyə daxildir. Yaponiya da bizim alıcılar sırasında xüsusi yer alır. Çalışacağıq ki, “Made in Azerbaijan” brendi ilə tanınan məhsullarımızın ixrac coğrafiyasını daha da genişləndirək”.
“JFEX-2022” beynəlxalq sərgisində iştirak etməyin təmsil etdiyi “ECODRY” şirkəti üçün də faydalı olacağına inandığını vurğulayan şirkətin nümayəndəsi İsaməddin Dəmirov isə bildirib ki, əvvəllər bir çox beynəlxalq sərgilərə qatılsalar da, ilk dəfə Yaponiyaya gəliblər: “Şirkətimizin “fayda+əmtəə” nişanı altında istehsal etdiyi məhsulları sərgidə yapon alıcılara təqdim edirik. İlk dəfədir Yaponiyada belə böyük qida və içkilər sərgisində məhsullarımızı “Made in Azerbaijan” brendi altında nümayiş etdiririk. Sərginin ilk günü olmasına baxmayaraq, ziyarətçilər Azərbaycan məhsullarına böyük maraq göstərirlər. İnanırıq ki, uğurlu nəticələr əldə edə biləcəyik. “JFEX-2022” beynəlxalq sərgisində iştirak etməyin təmsil etdiyi “ECODRY” şirkəti üçün də faydalı olacağına inandığını vurğulayan şirkətin nümayəndəsi İsaməddin Dəmirov isə bildirib ki:
Üç gün davam edəcək sərgi iyunun 24-də başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts