Tokio, 8 iyun , /AJMEDIA/
İyunun 22-dən 24-dək Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda təşkil olunacaq “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri də ilk dəfə geniş şəkildə təmsil olunacaq.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada deyib. Müsahibəni oxucularımıza təqdim edirik.
-Hörmətli Savada-san, bu yaxınlarda Tokioda keçiriləcək ərzaq məhsulları sərgisində sizin təşkilatçılığınızla Azərbaycan şirkətlərinin geniş tərkibdə iştirakı gözlənilir. Sərginin məqsədi və Azərbaycan şirkətlərinin həmin sərgiyə qatılmasının səbəbləri barədə nə deyə bilərsiniz?
– Əsas məqsədimiz Azərbaycanın “Made in Azerbaijan” brendi ilə tanınan yüksək keyfiyyətli, xüsusilə də orqanik məhsulları ilə Yaponiyanın daxili bazarını tanış etməkdir. Bu məhsullar həm hazır, həm də xammal şəkildə yapon iş adamlarına təqdim ediləcək.
Bu sərgidə iştirak edən Azərbaycan şirkətləri yüksək viziona malik, ölkə daxilində uğur qazanan və xaricə, xüsusən də Asiya bazarına çıxmaqda maraqlı olan şirkətlərdir.
Mən çox şadam ki, yapon xalqı zaman keçdikcə möhtəşəm Azərbaycan haqqında daha məlumatlı olmağa başlayıb.
– Azərbaycan ilk dəfə bu sərgidə çox geniş tərkibdə və böyük stendlə təmsil olunacaq. Sərgiyə qatılacaq Azərbaycan şirkətləri haqda nə deyə bilərsiniz? Bu şirkətlər əsasən hansı istiqamətlərdə fəaliyyət göstərir?
– Ötən dövrdə paytaxt Tokioda və Osakada təşkil olunmuş üç sərgidə Azərbaycan məhsullarını artıq nümayiş etdirmişik. Bu dəfəki sərgi isə Yaponiyada təşkil edilən ərzaq məhsullarının və içkilərin ən böyük sərgilərindən biri olacaq və bu tədbirdə Yaponiyanın hər yerindən təxminən 15 min alıcının qatılacağı gözlənilir. Planlaşdırdığımız kimi Azərbaycan stendi üç tərəfi olan, təqribən 55 kvadratmetr sahəni əhatə edəcək böyük sərgi sahəsi olacaq və burada Azərbaycan məhsullarının təqdimatı üçün mükəmməl şərait yaratmağa çalışacağıq. Sərgidə iştirak edəcək Azərbaycan şirkətlərinin təqdim etdiyi şərab, nar şirəsi, fındıq, xurma qurusu, müxtəlif çeşiddə digər quru meyvələr, bal, ədviyyatlar və digər məhsullar yer alacaq. Azərbaycanda İnvestisiyaların Təşviqi Təşkilatı (AZPROMO), Azərbaycan Sahibkarlar Federasiyası (ASK) və “Ailə Biznesinə Asan Dəstək” (ABAD) şirkətinin dəstəyi ilə sərgiyə qatılmaq üçün iştirakçı şirkətlərin nümayəndələri Tokioya gələcəklər. Bu, həmin şirkətlərin Yaponiya bazarına daxil olması üçün mühüm imkan deməkdir.
-Sizcə Azərbaycan məhsulları yüksək keyfiyyət tələbi ilə seçilən Yaponiya bazarında özünə yer tuta bilərmi?
– Adətən belə sərgilərdə Yaponiyanın müxtəlif prefekturalarından gələn alıcılar yeni gətirilən xarici məhsullara böyük maraq göstərirlər. Bu sərgi Azərbaycanın bir neçə yüksək keyfiyyətli məhsulunun birlikdə Yaponiya bazarına çıxarılacağı ilk şans olduğuna görə, alıcıların onları bəyənəcəyinə əminik.
-Sərgi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycan məhsullarına marağını artırmaq üçün hansı addımların atılması planlaşdırılır?
– Biz sərgidə iştirak edən şirkətlər və Azərbaycanın dövlət qurumları tərəfindən təqdim olunacaq fotoşəkilləri, videoları və broşürləri əvvəlcədən yapon dilində hazırlamışıq. Biz bütün alıcılarda qalıcı təəssürat yarada biləcək dizayn təqdim etməyə çalışacağıq. Həmçinin komandamızın üzvlərindən 10 nəfər yapon əməkdaşı müştərilərlə işləmək üçün sərgiyə göndərəcəyik.
-Sizin şirkət tərəfindən ölkəmizin ərzaq məhsullarının və içkilərinin həm Yaponiya, həm də ətraf ölkələrin bazarlarına çıxarılması məqsədilə gələcəkdə atılması nəzərdə tutulan addımlar barədə nə deyə bilərsiniz?
– Arzumuz Yaponiya bazarını Azərbaycanın hər yerindən mallarla təmin etməkdir. Yapon bazarını təmin edə bilsək, Koreya, Çin və digər Asiya bazarlarına ixracımızı təşviq edə bilərik. Düşünürəm ki, Yaponiya bazarının xüsusiyyətlərini nəzərə alaraq əldə ediləcək uğur və burada əldə ediləcək təcrübə ilə digər ölkələrin bazarlarına daxil olmaq nisbətən asan olacaq.
Azərbaycanın gözəl məhsullarını yalnız bu sərgidə deyil, davamlı olaraq Yaponiya bazarına təqdim etməyi nəzərdə tuturuq. Bizə etibar edə bilərsiniz.
-Maraqlı müsahibə üçün minnətdarıq.