Tokioda Dünya Qadınlar Assambleyasının konfransı keçirilir

Tokio, 3 dekabr , /AJMEDIA/

Dekabrın 3-də Tokioda Dünya Qadınlar Assambleyasının (DQA) növbəti konfransı öz işinə başlayıb. Bu, assambleyanın koronavirus pandemiyası səbəbindən 2019-cu ilin martından bəri təşkil edilən ilk konfransdır.
AJMEDIA xəbər verir ki, gender bərabərliyinin inkişafı, qadınların hüquq və səlahiyyətlərinin genişləndirilməsinə həsr olunan bu beynəlxalq tədbirdə “BMT-qadınlar” strukturunun icraçı direktoru Sima Bahus, Moldova Prezidenti Maya Sandu, İslandiya Prezidenti Qudni Yohanesson, Yaponiyanın Baş naziri Fumio Kişida və müxtəlif ölkələrdən gəlmiş lider qadınlar iştirak edirlər.
Tədbirdə çıxış edən F.Kişida bildirib ki, cəmiyyətin bütün üzvlərinin həyatını zənginləşdirmək üçün o, siyasi fəaliyyəti zamanı qadınların fikirlərinə xüsusi üstünlük verəcək. Bununla yanaşı, Baş nazir qeyd edib ki, hələ də cəmiyyətdəki sosial qeyri-bərabərlik problem olaraq qalır.
Son illər koronavirus pandemiyasına görə cəmiyyətin qarşılaşdığı problemlərə toxunan Baş nazir bildirib ki, bu, xüsusən səhiyyə sahəsində çalışan qadınlara münasibətdə qeyri-bərabərliyin və təzyiqlərin artmasına səbəb olub.
Tədbirdə çıxış edən İslandiya Prezidenti Qudni Yohanesson da qadın hüquq və azadlıqları ilə bağlı fikirlərini bölüşüb.
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, amerikalı aktrisa Enn Heteuey və digərləri onlayn formatda konfransın işinə qatılıblar.
Qeyd edək ki, bu, DQA-nın Yaponiya hökuməti tərəfindən 2014-cü ildən bəri təşkil edilən sayca altıncı konfransıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts