TikTok 18 yaşdan kiçik istifadəçilər üçün limit tətbiq edir

Tokio, 3 mart , /AJMEDIA/

TikTok sosial şəbəkəsi 18 yaşdan kiçik istifadəçilər üçün gündəlik 60 dəqiqəlik limit tətbiq edir. Həddi-buluğa çatmayan şəxslərin limiti aşacağı təqdirdə, xidmətdən istifadə etməyə davam etmək üçün parol tələb ediləcək.
AJMEDIA BBC telekanalına istinadla xəbər verir ki, Çin firması “ByteDance” ona məxsus olan video proqramda azyaşlı istifadəçilərə nəzarəti həyata keçirmək məqsədilə bu funksiyanı təqdim edib. TikTok bildirib ki, yeni məhdudiyyət yeniyetmələri sosial şəbəkədə olan mənfi təsirlərdən qorumaq məqsədi daşıyır. Yeni qaydalara görə, məhdudiyyət olacaq platformanın istifadəçiləri ən azı 13 yaşında olmalıdır və bu yeni funksiyanın bir hissəsi olaraq 18 yaşından kiçik hər kəs sosial şəbəkədə onunla bağlı yeniliklər barədə həftəlik bildiriş alacaq.
Qaydalar qüvvəyə mindikdən sonra 60 dəqiqəlik məhdudiyyətdən imtina edən, lakin tətbiqdən gündə 100 dəqiqə istifadə etməyə davam edən hər kəs öz ekran vaxtı nəzarətlərini təyin etmək üçün TikTok-dan xəbərdarlıq alacaq. Azyaşlıların valideynlərinin öz uşaqlarına məhdudiyyət qoyması üçün xüsusi panel də istifadəyə veriləcək.
TikTok-un təhlükəsizlik üzrə rəhbəri Kormak Kenan şirkətin yeni məhdudiyyətlərin hazırlanmasında tədqiqatçılarla birlikdə işlədiyini bildirib. O əlavə edib ki, ekran vaxtının dəqiqliyi və limiti seçmək üçün aparılan akademik tədqiqat Boston Uşaq Xəstəxanasının Rəqəmsal Sağlamlıq Laboratoriyasının mütəxəssisləri ilə məsləhətləşmə şəraitində aparılır.
Video tətbiqinin tənqidçiləri ekran vaxtı məhdudiyyətini alqışlayıblar, lakin TikTok-un gənc istifadəçiləri bunu aysberqin görünən hissəsi kimi təsvir ediblər. Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin baş icraçı direktoru İmran Əhmədin sözlərinə görə, bu yaxınlarda TikTok alqoritminin yeniyetmələri zərərli məzmunla bombardman etdiyini göstərən araşdırma dərc edilib. “TikTok Birləşmiş Ştatlarda və Böyük Britaniyada 14-24 yaş arası gənclərin qəlbləri və zehninə güclü təsir edib. Bu, alqoritmlərin çat kokainidir. Zərərli kontentlər ən çox asılılıq yaradan, ən təhlükəli və ən təcili həll edilməli olan məsələləri ehtiva edir. Keçən ilin sonunda aparılan araşdırmalar nəticəsində məlum olub ki, TikTok hesabını açandan bir neçə dəqiqə sonra 13 yaşlı qız istifadəçisi öz lentində yemək pozğunluğu və özünə zərər verən məzmun seçir”. İ.Əhməd platformanı səylərini təkcə ekran vaxtının məhdudlaşdırılmasına deyil, həm də onu “uşaqlar üçün təhlükəsiz mühitə çevirmək üçün zərərli məzmundan “təmizləməyə” yönəltməyə çağırıb.
Bu proses TikTok-un Çin hökuməti ilə əlaqələri və istifadəçi məlumatlarının qorunması ilə bağlı yenidən mübahisələrlə üzləşdiyi bir vaxtda baş verir. Bu həftənin əvvəlində Kanada hökuməti də Birləşmiş Ştatlardakı oxşar hərəkətlərdən sonra tətbiqi qadağan edən addım atıb.
2021-ci ilin sentyabrında TikTok Bəyan edib ki, onun aylıq istifadəçilərinin sayı 1 milyarddan çox olub və bu platforma dünyanın ən böyük sosial şəbəkələrindən birinə çevrilib. Lakin TikTok öz istifadəçilərinin demoqrafik bölgüsünü dərc etmir. Onu da qeyd etmək lazımdır ki, hazırda bu platforma sosial media marketoloqları və reklamçılar tərəfindən 34 yaşdan kiçik insanlara çatmaq üçün əsas şəbəkə kimi qəbul olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts