Taro Savada: Qədim və zəngin mədəniyyətə malik olan Naxçıvan məni müasir inkişafı və təmiz küçələri ilə heyran etdi VİDEO

Tokio, 18 yanvar, /AJMEDIA/

Qədim və zəngin mədəniyyəti, müasir inkişafı və təmiz küçələri ilə seçilən Naxçıvan məni özünə heyran etdi.

AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində “TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada deyib. Yapon iş adamı bildirib ki, ötən ilin dekabrında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasına səfərin məqsədi Yaponiyaya ixrac etmək üçün məhsulların seçilməsindən ibarət idi. Həmçinin Naxçıvanın kənd təsərrüfatı sektoruna Yaponiya investorlarının cəlb edilməsi və turizmin inkişafı üçün görməli yerlərlə tanış olmaq, bu qədim torpağın tarixini öyrənmək istəyi onu bu qədim Azərbaycan torpağına aparıb. Vurğulayıb ki, səfər çərçivəsində yerli orqanik məhsulların öyrənilməsi xüsusi əhəmiyyət daşıyırdı.

Naxçıvanın elə ilk gündən onu öz təmizliyi, səliqə-sahmanı ilə heyran etdiyini qeyd edən T.Savada bildirib ki, şəhərin yolları, binalar yüksək zövqlə inşa edilib və burada toz-torpaqdan demək olar ki, əsər-əlamət yoxdur.

Yapon iş adamı Naxçıvanın sənaye sahələri ilə tanışlıq zamanı tanınmış “Cahan Holding” şirkətinin nümayəndəsi Vüqar Abbasovun onlara ətraflı məlumat verdiyini, burada avtomobil və sement zavodlarını, tütün qurudulması və ərzaq məhsulları fabriklərini ziyarət etdiklərini bildirib. Qeyd edib ki, buradakı güclü sənaye potensialı onun çox xoşuna gəlib.

Cari ilin iyununda Tokionun məşhur “Big Sight” sərgi mərkəzində “Xarici Ərzaq Məhsulları Sərgisi”nin təşkil olunacağını qeyd edən T.Savada, burada Naxçıvanın qara çayının, balının, qurudulmuş meyvələrinin və undan hazırlanan məhsullarının nümayiş olunması barədə razılıq əldə edildiyini də bildirib. Bu orqanik məhsulların Yaponiya bazarında özünə yer tutacağını əminliklə qeyd edib.

2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunduğunu xatırladan yapon iş adamı, yubileyə həsr olunacaq tədbirlər sırasında mədəniyyət mübadiləsinin də xüsusi yer tutacağını bildirib. Əminliklə qeyd edib ki, həm investisiya qoyuluşu, həm qarşılıqlı ticarət, həm də mədəni əməkdaşlıq iki dost xalqı bir-birinə yaxınlaşdıracaq, Yaponiya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts