Tarix İnstitutunda Mustafa Kamal Atatürkə həsr olunan dəyirmi masa keçirilib

Tokio, 30 Noyabr, /AJMEDIA/

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illiyinə həsr edilən dəyirmi masa keçirilib.

Bu barədə AJMEDIA-ya Tarix İnstitutundan məlumat verilib.

Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov diqqətə çatdırıb ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin ən önəmli şəxsiyyətlərindən biri olub: “Atatürk təkcə Türkiyə deyil, dünya tarixinə də ciddi təsir edib. Böyük dövlət xadimi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində dərin iz buraxıb. Azərbaycan xalqı onun əziz xatirəsini həmişə öz qəlbində saxlayır”.

Ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri dosent Firdovsiyyə Əhmədova Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən danışıb. Azərbaycan–Türkiyə münasibətlərinin çox həssas sayılan dövrünə – 1918-1923-cü illərin hərbi-siyasi məsələlərinə toxunaraq arxiv sənədlərinə istinadən yeni faktlar səsləndirib.

Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyev 1920-1922-ci illər Azərbaycan SSR-Türkiyə Cümhuriyyəti münasibətlərinə toxunaraq Mustafa Kamal Atatürk və Nəriman Nərimanovun bu münasibətlərin formalaşması prosesində mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi Vasif Qafarov Türkiyə arxiv sənədlərinə istinad edərək Cümhuriyyət hökumətinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının milli azadlıq hərəkatına verdiyi yardımdan danışıb. 1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra Türkiyəyə mühacirət edən Azərbaycan hərbçilərinin taleyindən bəhs edib.

İnstitutun Ümumi tarix şöbəsinin aparıcı elmi işçisi Yaqut Əmirova XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-Türkiyə Cümhuriyyəti münasibətlərinin tarixinə nəzər salıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts