Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi anılıb

Tokio, 11 yanvar, /AJMEDIA/

Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. Bu gün istedadlı şahmatçının əbədiyyətə qovuşmasından 8 il ötür.

AJMEDIA xəbər verir ki, bununla əlaqədar Vüqar Həşimovun ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.

Dünya şahmat tarixinin istedadlı zəka ustalarından biri olan V.Həşimov bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsadüfi deyil ki, hər il keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil edilir.

Şahmat tariximizin parlaq dühalarından biri olan Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Bu intellektual idman növünə kiçik yaşlarından maraq göstərən Vüqar yüksək potensialı ilə diqqəti cəlb edib, uşaqlıq illərində “Şahmat klubu” verilişindəki çıxışları ilə tanınmağa başlayıb. 2002-ci ildə qrossmeyster adını alan Vüqar Həşimov buna qədər üç dəfə Azərbaycan çempionu olub. Müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının 21 medalını qazanan mərhum qrossmeyster 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tariximizdə ilk dəfə Avropa çempionluğunun qazanılmasında xüsusi rol oynayıb. Vüqar Həşimov ömrünün son anına qədər dünyanın ən güclü şahmatçılarından biri hesab edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts