Tərəvəz və meyvələrdən müntəzəm istifadə olunması ölüm riskini 10 faizədək azaldır

Tokio, 8 sentyabr , /AJMEDIA/

Vitaminlərlə zəngin olan tərəvəz və meyvələrdən müntəzəm və lazım olan qədər istifadə olunması ölüm riskini 10 faizədək azaldır.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Milli Onkologiya Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, ötən əsrin 90-cı illərindən başlayaraq, alimlər paytaxt Tokio da daxil olmaqla 11 prefekturada 95 min sakini müşahidə ediblər. Tədqiqatlar ərəfəsində həmin şəxslər 40-60 yaş arasında olublar. Əsas diqqət onların qida rasionuna və gündəlik istehlak etdikləri tərəvəz və meyvədən istifadəyə yönəldilib. Nəticədə həmin ərzaqdan istifadə edən şəxslər 5 əsas qrupa bölünüblər.
Son məlumatlara görə bu şəxslərdən 24 mini artıq vəfat edib. Bunun əsasında alimlər bu şəxslərin qida seçimini və ölüm riskini müəyyən edən statistik məlumatlar toplayıblar. Tədqiqatın nəticələrinə görə, meyvələrdən daha çox istifadə edən iki qrupun üzvləri arasında ölüm riski daha az istifadə edənlərlə müqayisədə 8-9 faiz aşağı olub. Bununla yanaşı, ürək xəstəliklərindən vəfat edənlərin sayı 13 faiz az təşkil edib. Tərəvəzlərdən istifadə edənlərə gəlincə isə, bu qidadan müntəzəm istifadə edənlərdə ölüm riski 7-8 faiz aşağı müşahidə olunub.
Müxtəlif səbəblərdən, o cümlədən xərçəng və ürək-damar xəstəliklərindən ölüm riski nisbəti tərəvəz və meyvələrin ən az istehlak edildiyi qruplar üzrə ölüm statistikası əsasında hesablanıb. Eyni zamanda, yapon mütəxəssisləri son nəticədən bu amilləri istisna etmək üçün xəstələrin sağlamlıq vəziyyətini, vərdişlərini, irsi xəstəlikləri, bədən kütləsi indeksini və digər parametrlərini nəzərə alıblar.
Tədqiqatların nəticəsi olaraq, yapon alimlər qida rasionuna nəzarət etməyi, gün ərzində azı 300 qram tərəvəz, 140 qram meyvə yeməyi məsləhət görürlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts