Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək

Tokio, 4 sentyabr , /AJMEDIA/

Noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək.
Forum “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda təşkil olunacaq.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Daha təhsilli gələcək” şüarı ilə keçiriləcək forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.
Forum “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini, İƏİT-nin “Təhsil və bacarıqların gələcəyi – 2030” sənədini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsil məsələsini rəhbər tutur. Forumun əsas məruzəçisi İƏİT-nin Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq.
Beynəlxalq forumun digər spikerləri barədə yaxın günlərdə məlumat veriləcək.
Forumda iştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Əyani iştirak yalnız dəvətnamə ilə mümkün olacaq. Arzu edən iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq lazımdır.
Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev açılış çıxışı edib. On beş minə yaxın mütəxəssisin qoşulduğu hər iki forumda əsas məruzəçi Andreas Şleyxer olub. Forumda tanınmış təhsil mütəxəssisləri Filip Kotler, Sal Khan, Maykl Fullan, Anant Aqarval və digərləri çıxış ediblər.
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda da dünyaşöhrətli təhsil mütəxəssislərinin çıxış edəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts