Tokio, 13 sentyabr , /AJMEDIA/
İstədiyin zaman yuxudan oyanmaq, günü öz istəklərinə uyğun planlaşdırmaq və işə çıxmaq məcburiyyətin olmadığını bilmək gözəl hisslərdir. Amma əksəriyyət bunları ya tətil, istirahət və məzuniyyət günlərində, ya da həftə sonları edə bilir. Bütün bunların fonunda isə yenidən işə başlamaq bir qədər çətin gəlir. Hətta bəzi insanlar tətildən sonra işə adaptasiya ola bilmədikləri üçün ilk günlər işdən ayrılmağı belə düşünürlər.
AJMEDIA mütəxəssislər tərəfindən aparılan araşdırmalara istinadən bildirir ki, bir həftədən çox olan tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. İki həftəlik tətil üçün həmin proses 4 gün çəkir. Mütəxəssislərin fikrincə, hər 10 nəfərdən 6-sı tətildən sonra işə çıxmaqda çətinlik çəkir. Hər 10 nəfərdən 4-ü isə işdən evə qayıdan zaman çox narahat olur. Tətil və ya məzuniyyətdən sonrakı həmin gərginliyi hamıya aid etmək olmaz. Psixoloji gərginlik bir keçid dövründən digər keçid dövrüdür və fərdi xarakter daşıyır. Bəzən insanlar ilboyu dincələ bilirlər. Bəziləri üçün üç ay yayda dincəlmək yenidən iş həyatına qayıtmağa mane olmur.
Mütəxəssislərin dediyinə görə, işə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmaq düzgün deyil. İşə yeni başlanılan həftələr ərzində daha az iş yükü ilə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə olunan enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər.
Bir neçə günlük tətillər zamanı və yaxud gündəlik iş saatında arada dincəlmək mümkün olduğu halda işə adaptasiya daha asanlıqla baş verə bilər. Məsələn, yuxudan əvvəl idman edəndə, yaxud oxu saatı, dostlarla keçirilən vaxt olursa və bunlar gündəlik istirahətə aid olursa, onda tükənmişlik sindromu yaşanmır. Belə olanda tətildən sonra işə qayıtdıqda adaptasiya asanlıqla baş verir, ilkin iş planlarını əvvəlcədən qurmaq olur və heç bir psixoloji təsir göstərmir.
Adaptasiyanı sürətləndirmək üçün yaxşı olar ki, yeni iş gününə bir fincan qəhvə ilə başlanılsın. Günün sonuna qədər məzuniyyətdən əvvəlki günlərdə olduğu kimi tam yüklənməmək lazımdır. Nahar fasiləsində bir az gəzintiyə çıxmaqda da fayda var. Belə olan təqdirdə tətildən sonra işə öyrəşmək o qədər də çətin olmur.