Tokio, 24 avqust , /AJMEDIA/
Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il yanvarın 26-da Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Rüstəmov Araz Bəgi oğlunun cəsədinin qalıqları Xızıda dəfn olunub.
AJMEDIA xəbər verir ki, qəhrəman döyüşçü ölümündən 31 il sonra doğulub boya-başa çatdığı Giləzi qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xızı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, Rüstəmov Araz Bəgi oğlu 1968-ci il aprelin 7-də Xızı rayonunun Giləzi qəsəbəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Araz ailənin sonbeşiyi idi.
Araz Rüstəmov Qazaxıstanda hərbi xidmət keçdikdən sonra Xızıya qayıdaraq kolxozda və yem emalı müəssisəsində, sonra Bakıda “Azərkitab”da çalışıb. Birinci Qarabağ müharibəsi başlayanda ailəsindən xəbərsiz könüllü cəbhəyə yollanıb. Şuşa və Xankəndi ətrafındakı kəndlər uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Araz barədə heç bir xəbər almayıb.
Xatırladaq ki, şəhid Araz Rüstəmov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkarlanaraq, şəxsiyyəti müəyyənləşmiş yeddi nəfərdən biridir