“Sözləri Nizaminindir” musiqi kompozisiyası və disk albomunun təqdimatı olub

Tokio, 24 Noyabr, /AJMEDIA/

Noyabrın 23-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Sözləri Nizaminindir” adlı ədəbi-bədii qiraət və musiqi kompozisiyası, həmçinin kitabxananın hazırladığı eyniadlı disk albomunun təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir Prezidentin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması barədə Sərəncamına müvafiq olaraq noyabrın 15-dən Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində baş tutub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, bu günlərdə Azərbaycan xalqı, xaricdəki səfirliklərimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Milli Kitabxana da festivalın proqramına daxil olan dörd tədbir keçirib. Dünən Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) və Milli Kitabxananın nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Kərim Tahirov bildirib ki, bu gün təqdim olunan “Sözləri Nizaminindir” adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Direktor qeyd edib ki, disk albomu 4 hissədən – “İsgəndərnamə”, “Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar”, “Fikrət Əmirov “Nizaminin xatirəsinə” simli simfoniya”, “Qara Qarayev “Yeddi gözəl” baleti”ndən ibarətdir. Həmçinin, disk albomunda Nizami Gəncəvi haqqında Azərbaycan və ingilis dillərində qısa məlumat verilib.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edərək belə tədbirlərin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Nizaminin 880 illik yubileyi ərəfəsində Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sözləri Nizaminindir” adlı disk albomu böyük şair və mütəfəkkirin irsinin dünyaya tanıdılması işində çox əhəmiyyətlidir. O, daha sonra kitabxananın direktorunu Prezident İlham Əliyev tərəfindən II dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbir barədə öz fikirlərini bölüşüb. Qeyd edib ki, muzey “Nizami Gəncəvi İli”ndə bir sıra tədbirlər – sərgilər, beynəlxalq onlayn konfrans və s. keçirib.

Sonra beynəlxalq müsabiqələr laureatı Svetlana Əhmədovanın müşayiəti ilə Əməkdar artist İlham Nəzərovun ifasında musiqi kompozisiyaları səsləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts