Site icon AJMEDIA Azərbaycanca

Son illər Bakı yüksəksəviyyəli görüşlərin mərkəzinə çevrilib

Tokio, 26 noyabr , /AJMEDIA/

Son illər Azərbaycanın artan nüfuzu nəticəsində beynəlxalq əməkdaşlıq əlaqələri sürətlə genişlənməkdədir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı- SPECA-nın yaradılmasının 25-cü ildönümü münasibətilə Bakıda keçirilən qurumun həftəsi də bu baxımdan diqqətçəkən oldu. Xatırladaq ki, SPECA iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan bu proqrama üzv dövlətlərdir. Azərbaycanın bu dövlətlərin hər biri ilə siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir və sürətlə inkişaf edir.
Məlumat üçün bildirək ki, Azərbaycanın son illər Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. İki tərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Proqrama üzv digər dövlətlər beynəlxalq siyasi arenalarda daim bir-birlərini dəstəkləyirlər. Biz sizinlə həm ikinci Qarabağ – Vətən müharibəsində, həm də postmüharibə dövründə bunun şahidi olduq.
Bu gün, eyni zamanda Azərbaycan qlobal proseslərə yüksək bacarıqla istiqamət verən dövlətə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda oynadığı fəal rol onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını artırıb. Azərbaycan bir neçə platforma üzərindən uğurlu xarici siyasət aparır. Təkzib olunmaz faktdır ki, Azərbaycan bu platformalar vasitəsilə dünya üçün ciddi təhdid yaradan bir çox problemlərin həll olunmasına öz töhfələrini verib. Azərbaycan Prezidenti İlham Əliyev bir çox təşkilatların Zirvə görüşlərinə fəxri qonaq kimi dəvət olunması artıq ənənə halını almaqdadır, mühüm əhəmiyyət kəsb edən bir sıra beynəlxalq layihələrdə Azərbaycanın mövqeyi və rəyi mütləq diqqətə alınır. Bu faktlar Azərbaycanın artan nüfuzunun və qüdrətinin birbaşa göstəricisidir.
Bununla yanaşı, Azərbaycanın regionda formalaşdırdığı təhlükəsiz mühit, sülhün və sabitliyin mövcudluğu istiqamətində fəaliyyəti bu gün bir çox dövlətlər tərəfindən təqdir olunur. Bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycan, bununla yanaşı dünyada hegomonluğa can atan dövlətlərin qərəzli, ədalətsiz, birtərəfli yanaşmasını ifşa edərək onlara layiqli cavab verir.
Azərbaycanın qazandığı uğurlar bir çox dövlətlərdə qısqanclıq doğuraraq ölkəmizə qarşı qərəzli siyasətin, ikili standartların meydana gəlməsinə gətirib çıxarıb. Bu dairələr müxtəlif yollarla Azərbaycanın güclənməsinin qarşısını almağa çalışsa da, bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Qürurverici haldır ki, bu gün Azərbaycan öz müstəqilliyinin ən güclü dövrünü yaşayır.

Vüqar Ağayev

Exit mobile version