Tokio, 12 aprel , /AJMEDIA/
Qlobal yükdaşıma aviaşirkəti “Silk Way West Airlines” bu həftədən etibarən Hyustona həftəlik reyslərə start verdiyini elan edib. Aviaşirkət ABŞ-ın ən iri hava limanlarından biri olan Corc Buş Qitələrarası Hava Limanına (IAH) uçuşlar həyata keçirəcək. “Silk Way West Airlines”, həmçinin Amerika qitəsindəki marşrut şəbəkəsini genişləndirərək, Çikaqo və Dallasa müntəzəm uçuşları davam edəcək.
“Silk Way West Airlines” şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas yeni marşrutun əhəmiyyətini vurğulayaraq qeyd edir: “ABŞ-ın ən mühüm hava yük keçidlərindən biri olan Hyustona yeni həftəlik uçuşlara başlamaqdan məmnunluq duyuruq. Bu, müştərilərimiz üçün əlavə tutumluq və daha sürətli tranzit vaxtları təmin edəcək. Amerika qitəsində artan mövcudluğumuz bu regiondakı müştərilərimiz üçün etibarlı və səmərəli yük daşımaları təqdim etmək niyyətimizi təsdiqləyir. Yeni marşrut həm də müştərilərimizi Mərkəzi Asiya və Yaxın Şərq bazarları ilə əlaqələndirmək imkanlarını artıracaq”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il 28 apreldə beş yeni 777F təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 2022-ci il 10 noyabrda müqavilə imza atıb. Həmçinin 2022-ci il 28 iyundə “Airbus” ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
“Silk Way West Airlines” şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.