“Silk Way West Airlines” Dammam və Daşkənd şəhərlərinə müntəzəm reyslər elan edir

Tokio, 24 fevral , /AJMEDIA/

“Silk Way West Airlines” həftədə iki dəfə Səudiyyə Ərəbistanının Dammam şəhərinə, habelə Özbəkistanın paytaxtı Daşkəndə həyata keçirilən müntəzəm yükdaşıma reysləri vasitəsilə şəbəkəsini Yaxın Şərq və Mərkəzi Asiya regionlarına genişləndirir.

Bu müntəzəm reyslər yüklərin Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa olaraq Dammamdakı Kral Fahd Beynəlxalq Hava Limanına və Daşkənd Beynəlxalq Hava Limanına çatdırılmasına imkan verəcək. Bu limanların hər ikisi öz regionlarında ən mühüm beynəlxalq hava yük keçidləri sırasındadırlar.
Son on il ərzində “Silk Way West Airlines” hər iki istiqamətə ildə bir neçə dəfə çarter reysləri ilə tekstil, avtomobil, tez xarab olan mallar və digər yüklərin daşınması xidmətini göstərmişdir.
Dammam və Daşkənd istiqamətində bu marşrutların açılması ilə aviaşirkət Yaxın Şərq və Asiya kontinental yükdaşıma şəbəkəsindəki rolunu gücləndirəcək və həm yerli, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımaları xidmətlərinin keyfiyyətini artıracaq. Həmçinin yeni marşrutlar “Silk Way West Airlines” şirkətinin qlobal şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirərək və artan beynəlxalq tələbata xidmət edərək, strateji məqsədlərinə nail olmağa imkan verəcək.
“Silk Way West Airlines” şirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov bu reyslərin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Yaxın Şərq və Orta Dəhliz istiqamətləri üzrə daşımalara tələbat artmaqda davam edir. Bunun nəticəsində Azərbaycanın mərkəzi logistika qovşağı kimi əhəmiyyəti artır. Biz çox şadıq ki, indi biz müştərilərimizə Bakıdan Dammam və Daşkəndə müntəzəm uçuşlar təklif edə bilirik. “Silk Way West Airlines” bütün dünyada müştərilərimizə göstərdiyimiz xidmət səviyyəsini daha da yüksəltmək üçün həyata keçirdiyimiz uçuşların, eləcə də xidmət göstərdiyimiz istiqamətlərin sayını artırmağa davam edəcək”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqavilə imza atıb. Həmçinin 2022-ci il iyunun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts