Sankt-Peterburqda keçirilən Novruz şənliyində BMA-nın Məktəb-studiyasının məzunu çıxış edib

Tokio, 22 mart , /AJMEDIA/

Rusiyanın Sankt-Peterburq şəhərindəki Mədəniyyət üzrə Qırmızı Mühafizə Mərkəzində Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nümayəndələri və “Simurq” Azərbaycan Gəncləri Birliyi tərəfindən Milli Mədəniyyət Diasporaları və onların həmvətənləri üçün Novruz bayramı münasibətilə konsert təşkil olunub.
Bakı Musiqi Akademiyasından AJMEDIA-ya bildirilib ki, tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının milli himnlərinin səslənməsi ilə başlayıb. Bayram konsertində rus, özbək, tacik, türkmən, Azərbaycan, Dağıstan xalqlarının nümayəndələri iştirak ediblər.
Tədbirin rəngarəng konsert proqramına milli mahnı və rəqslər daxil olub. Solistlər arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda isə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət konservatoriyasının vokal ixtisası üzrə birinci kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov da iştirak edib. Onun ifasında səslənən M.Maqomayevin “Azərbaycan” mahnısı böyük marağa səbəb olub.
Digər ifaçılar Mədinə Abbasova, Fəridə Qasımova, İslam Səmədov, Yelizaveta Bıkova, Gözəl Avqanova və “Xarıbülbül” folklor qrupu tərəfindən təqdim olunan müxtəlif milli mahnı və rəqslər gecəni daha da zənginləşdirib.
Tədbirin sonunda milli yeməklər təqdim olunub.
Qeyd edək ki, ən gənc qonaqlar üçün Novruzun əsas personajları – Kosa, Keçəl və Bahar qız ilə xüsusi oyun proqramı təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts