Şagirdlər Azərbaycan dili fənni üzrə biliklərini sınayıblar

Tokio, 29 mart , /AJMEDIA/

Martın 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 9-cu sinif şagirdləri arasında “Ana dili” adlı bilik olimpiadası keçirilib.
Dilçilik İnstitutundan AJMEDIA-ya bildirilib ki, əvvəlcə Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov olimpiadanın qaydaları haqqında iştirakçıları məlumatlandırıb. Ümumilikdə bilik yarışında 7 komanda (hər birində 5 nəfər) olmaqla 35 şagird iştirak edib. Olimpiada Azərbaycan dili fənni üzrə 3 mərhələdə aparılıb.
“Bəkir Çobanzadə”, “Dəmir qanunlar”, “Əlifba”, “21 fevral”, “Dilçilər”, “Dil sevdalıları”, “Vurğu” komandaları verilən test tapşırıqlarını həll ediblər. Test tapşırıqları münsiflər üzvləri tərəfindən yoxlanılıb.
Münsiflər heyətində institutun baş direktoru professor Nadir Məmmədli, icraçı direktor dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Təranə Şükürlü, Qətibə Mahmudova, Elnarə Əliyeva və Günel Orucova təmsil olunublar.
Test tapşırıqlarının qiymətləndirilməsinə əsasən “Dilçilər” birinci, “Dil sevdalıları” ikinci, “Vurğu” komandası üçüncü yerə layiq görülüb.
Nadir Məmmədli qalib şagirdləri təbrik edib. Bildirib ki, olimpiadanın təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə Azərbaycan dili fənninə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Sonda liseyin direktor müavini dosent Elçin Məmmədov institut rəhbərliyinə öz təşəkkürünü bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts