Sabah “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə imtahanı keçiriləcək

Tokio, 6 may , /AJMEDIA/

Mayın 7-si saat 15:00-da “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə imtahanı keçiriləcək.
AJMEDIA xəbər verir ki, onlayn mərhələnin qabiliyyət üzrə imtahanı 3 test üzrə aparılır. Verbal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə 6 mətn olmaqla 25 sual, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üçün 25 sual və abstrakt düşünmə bacarığının yoxlanılması üçün 25 sual – cəmi 75 sual təqdim ediləcək.
Qabiliyyət imtahanında sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılır. Qabiliyyət imtahanında istifadə olunan şəkillərin ölçüsünə görə minimal sürət həddi saniyədə 1 mb olmaqla fasiləsiz internetiniz olmalıdır. Rəqəmsal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə testlərin cavablandırılması zamanı isə sizə qələm, kağız və kalkulyator lazım olacaq. Əgər sessiyaya iş yerinizdən qatılırsınızsa, kompüterin yukselish.az saytına giriş məhdudiyyətinin və brauzerin HTTPS üzrə yönləndirmə məcburiyyətinin olmadığına əmin olun. Sayta “Google Chrome” , “Mozilla” və “Safari” brauzerlərindən biri vasitəsilə daxil olmalısınız. İstifadə etdiyiniz brauzerin son versiya olmağını yoxlayın.
İmtahandan öncə ətraflı məlumat üçün şəxsi kabinetinizə yerləşdirilən təlimatla tanış olmağınız tövsiyə olunur. Bu mərhələyə internet bağlantısı olan kompüterlə (noutbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. İmtahana smartfon və planşet vasitəsilə daxil olmaq mümkün deyil. Bu, onlayn mərhələnin son imtahanıdır.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts