Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans təşkil edilib

Tokio, 19 may , /AJMEDIA/

Mayın 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, konfransda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın 28 illik işğaldan sonra 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini söyləyib. Akademik qeyd edib ki, işğaldan azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı. Prezidentin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” müvafiq sərəncamlarını xatırladan akademik G.Baxşəliyeva bununla əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu il institut tərəfindən iraqlı alimlərlə birgə Bakıda və Bağdadda “İslam aləminin mədəniyyət mərkəzlərindən biri – qədim Şuşa” mövzusunda beynəlxalq, həmçinin “Qarabağda tolerantlıq və multikulturalizm ənənələri (Azərbaycan modeli əsasında)” mövzusunda respublika konfransları və “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçiriləcək. İnstitutda 6 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet hazırlanacaq. Həmçinin Şuşa haqqında ətraflı məlumat hazırlanaraq türk, ərəb, fars və Çin dillərində “Vikipediya”da yerləşdiriləcək.
Gövhər Baxşəliyeva “Şuşa İli” çərçivəsində institutda “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “Azərbaycan-İran münasibətlərində Şuşa”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “Qarabağın epiqrafik abidələrindəki adlar”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” mövzularında elmi-tədqiqat işlərinin aparıldığını da qeyd edib.
Konfransda Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi Şəmsi Əhmədov “Şuşa şəhərinin salınması tarixindən” mövzusunda məruzəsində bu sahədə tarixi faktları diqqətə çatdırıb. Tarixən 20-yə qədər “Qarabağnamə”nin yazıldığını qeyd edən məruzəçi Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın fəaliyyətindən, Qarabağ bölgəsində tikdirdiyi Bayat, Tərnəkut, Şuşa qalalarının inşasından danışıb.
Tədbirdə, həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə “Azərbaycan-İran münasibətlərində Şuşa”, Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi Dürdanə Cəfərli “Şuşa şəhəri timsalında Qarabağın memarlıq məktəbi”, həmin şöbənin böyük elmi işçisi Elnur Mustafayev “Yuxarı Gövhər Ağa məscidinə aid epiqrafik abidələrin tədqiqi”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni abidələr” mövzularında məruzələrlə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts