Şəhid polkovnik-leytenant Mehman Şirvanovun xatirə lövhəsi açılıb

Tokio, 28 sentyabr , /AJMEDIA/

Vətən müharibəsində Lənkəran rayonundan olan ilk şəhid polkovnik-leytenant Mehman Şirvanovun anım mərasimi və xatirə lövhəsinin açılışına həsr olunan tədbir keçirilib.
Ürgə kəndində keçən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
AJMEDIA xəbər verir ki, Dövlət himninin sədaları altında başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, Vətən uğrunda canından keçən övladlarımızın valideynləri də qəhrəmandırlar. Vətəni sevməyi və torpağın müqəddəs olduğunu övladlarımıza məhz valideynlər izah və tərbiyə edirlər. “Şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin daim yad olunması dövlətimizin diqqətindədir” – deyən Taleh Qaraşov, ictimaiyyətin, yerli insanların da müxtəlif təşəbbüslərlə şəhid ailələrinin yanlarında olduqlarını vurğulayıb. Birlik və bərabərliyin cəmiyyətin, eləcə də dövlətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən icra başçısı qalib xalq kimi bu məsələdə bir çox dövlətlərə və xalqlara nümunə olduğumuzu qeyd edib.
Şəhidin atası Mirəziz Şirvanov “Qarabağ” ordenli oğlu ilə qürur duyduğunu bildirib. O, 23 il orduda şərəflə xidmət edən, Vətən uğrunda canından keçən oğlunun fədakarlığını qiymətləndirdiyinə görə Müzəffər Ali Baş Komandana minnətdarlığını ifadə edib. “Ən böyük təsəllim Vətən müharibəsində Zəfər qazanmağımızdır” – deyən M.Şirvanov Mehman kimi şəhidlərimizin, qazilərimizin qanının yerdə qalmadığını, onların qisasının alındığını deyib.
Mirəziz Şirvanov dərdlərinə şərik olduqları, qayğı və problemləri ilə yaxından maraqlandıqları və diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Çıxışlardan sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Qeyd edək ki, şəhid Mehman Şirvanov “Qarabağ” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra tədbir iştirakçıları şəhidlərimizin rayon ərazisindəki məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, sentyabrın 27-də Lənkərandan olan şəhidimiz Əkbərzadə Qalib Əbdüləhəd oğlunun da anım günüdür. İcra başçısı Kərgəlan kənd qəbiristanlığında şəhidimizin məzarını ziyarət edib, qəbiri üzərinə gül dəstələri düzüb.
Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts