Səfir: Azərbaycan İndoneziya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Tokio, 1 Noyabr, /AJMEDIA/

İndoneziyanın nüfuzlu ANTARA Milli İnformasiya Agentliyi Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyevin müsahibəsini yayıb.

AJMEDIA xəbər verir ki, diplomat Azərbaycanla ilə İndoneziya arasında ikitərəfli münasibətlərin tarixi və hazırki səviyyəsi barədə sualları cavablandırıb. Azərbaycanın Asiyanın ən çoxsaylı müsəlman əhaliyə malik ölkəsi ilə iqtisadi, diplomatik, xalqlar arasında münasibətlər daxil olmaqla, bütün aspektlərdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın İndoneziyanın regiondakı rolunu və qarşılıqlı münasibətlərdəki mövqeyini yüksək qiymətləndirən səfir ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu da deyib. Həmçinin vurğulayıb ki, Azərbaycanla İndoneziya arasında din, mədəniyyət sahələrində eynilik var.

İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı yüksəksəviyyəli səfərlərin əhəmiyyətinə diqqət çəkən diplomat, bu məqsədlə İndoneziya Xarici İşlər Nazirliyi ilə təmasların davam etdirildiyini bildirib. Belə səfərlərdən sonra ölkələr arasında ticarət dövriyyəsinin artırılmasında müsbət impulsların əldə oluna biləcəyinə inamını ifadə edib. İki ölkə arasında cari ilin son 6 ayı ərzində ticarət dövriyyəsinin 176 milyon ABŞ dolları (təxminən 2,5 trilyon İndoneziya rupisi) təşkil etdiyini və bunun əsasən xam neftdən ibarət olduğunu bildirib. Bu göstəricinin artırılması və digər sahələri də əhatə etməsi üçün həm dövlət, həm də biznes dairələri səviyyəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə yüksək səviyyəli səfər və görüşlərin intensivləşdirilməsinin, qarşılıqlı maraq doğuran sənədlərin imzalanmasının zəruriliyini qeyd edib. Bundan sonra ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağını söyləyib.

Müsahibədə səfir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziyanın Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən, bu ölkənin şirkətlərini Azərbaycana sərmayə yatırmağa dəvət etdiyini də qeyd edib. İndoneziyanın Azərbaycan üçün qardaş ölkə olduğu ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb.

İki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən diplomat, indoneziyalı zəvvarların Ümrə ziyarəti çərçivəsində Azərbaycana da səfər edə biləcəklərini, ölkəmizdə mövcud olan dini, tarixi mədəniyyət abidələrini ziyarət edə biləcəklərini söyləyib. Bu istiqamətdə əməli addımların atıldığını bildirib. Son illər davam edən koronovirus pandemiyasının qarşılıqlı səfərlərə mənfi təsirini təəssüflə qeyd edib. Bu istiqamətdə aparılan peyvəndləmənin tezliklə başa çatmasının həmin səfərlərin bərpasına mühüm təsir göstərə biləcəyini vurğulayıb.

Müsahibənin sonunda səfir C.Mirzəyev ikitərəfli münasibətlərin canlanması və ticarət dövriyyəsinin artırılması üçün səylərin davam etdiriləcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts