Site icon AJMEDIA Azərbaycanca

Səsini ilk dəfə qrammafon valına yazdırmış ilk Azərbaycanlı qadın xanəndəsi haqqında tədbir hazırlanır

Tokio, 17 aprel , /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğam sənətini, muğam korifeylərimizin həyat və fəaliyyətini təbliğ edən mərkəzdir. Mərkəzin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində bu istiqamətdə son illər mühüm işlər görülüb. Mərkəzin təşkilatçılığı ilə Azərbaycan muğam sənətinin möhtəşəm sütunları – Əbdülbaqi Zülalova – Bülbülcana, Seyid Şuşunskiyə, Cabbar Qaryağdıoğluna həsr olunmuş dəyirmi masalar buna nümunədir. Bu tədbirlərdə ölkəmizin görkəmli alimləri, elm və sənət xadimləri iştirak edir, muğam sənətkarlarının həyat və fəaliyyətinə dair yeni-yeni mənbələr tapılıb üzə çıxarılır.
AJMEDIA xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi səsini ilk dəfə qrammofon valına yazdırmış ilk Azərbaycan qadın xanəndəsi, uzun illər unudulan Mirzə Güllər haqqında da tədbir hazırlayır. Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov, koordinatoru isə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
Mirzə Güllərin “Mirzə Hüseyn segahı” və “Yeri dam üstə yeri” xalq mahnısını vala yazdırdığı tədqiqatçılara və geniş muğam ictimaiyyətinə bəlli idi.
Mirzə Güllərin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masanın keçirilməsi ərəfəsində layihənin koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycanın Milli Səs Yazıları Arxivində olub, Mirzə Güllərin indiyə kimi tədqiqatçılar tərəfindən araşdırılmayan iki səs yazısını da tapıb. Bunlar Mirzə Güllərin oxuduğu, 1914-cü ildə Kiyevin “Monarx-Rekord” səsyazma studiyasında vala köçürülmüş “Kürdü-Şahnaz” muğamı və “Gəl görüm, gəl görüm kimin yarısan” xalq mahnısıdır. Bunlar Azərbaycan muğam sənətinin tədqiqi sahəsində çox mühüm tapıntılardır.

Exit mobile version