Site icon AJMEDIA Azərbaycanca

Şəhid analarına həsr olunmuş “Şam işığı” mənsur şeir təqdim olunub

Tokio, 23 fevral, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə fəxri oxucu, AYB-i və AJB-nin üzvü, yazıçı-publisist, şairə Gülarə Munis mənsur şeir təqdim edib.
Şəhid analarına həsr etdiyi “Şam işığı” mənsur şeirində şairə şəhid analarını yanan şamla müqayisə edir. Şairə fəxrlə bildirir: “Sən elə bir oğul böyütdün ki, andına sadiq qalıb bir ovuc torpağa çevrildi və Vətənin torpağına sirdaş oldu”.
Mənsur şeir oxuculara təqdim edirik:

Şam işığı
(Şəhid analarına)

Qaranlıq bir otaq…
Yanan şam və sən…
Yanan şam və yanan sən…
Onun yanan piltəsi görünür, titrəyən şöləsi göz qamaşdırır.
Onun istisi də var, tüstüsü də…
Onun işığı da var, yaraşığı da…
Onun gözü yoxdur, amma göz yaşları axır…
Qaranlıq bir otaq yanan şam və yanan sən…
Gözünü yanan şamdan çəkə bilmirsən, şəhid anası…
O da yanır, sən də…
Sənin nə odunu görən var, nə yanmağını…
Sənin nə alovunu, nə də əriməyini görən var, şəhid anası.
Görünən, təkcə sənin göz yaşlarındır…
Səssiz gözlərindən axan, yanaqlarına süzülən göz yaşların…
Qaranlıq bir otaq…
Yanan şam və sən…
Pəncərəni açsan, onun pərvanəsi gələr…
Fəqət, sənin gözlədiyin gələrmi?
Qapıları taybatay açsan belə, gözlədiyin gələrmi?
Gözləməyə dəyərmi, şəhid anası?
Qaranlıq bir otaq, qaranlıq…
Qaranlıq bir həyat, qaranlıq…
Yanan şam və yanan sən…
Yanma, qovrulma, şəhid anası. Sənin övladın çox gözəl bir məkandadır.
Dözümlü ol, şəhid anası, dözümlü…
Qoy o şamın nuru övladının məzarını nura boyasın!
Sənin qara saçlarını ağ edən övladın Vətəni ağ günə çıxardı!Qürurlu ol, şəhid anası, qürurlu!
Sən elə bir oğul böyütdün ki, elin çətin günündə sinəsini irəli verib anaların, bacıların qeyrətini qorudu…
Sən elə bir oğul böyütdün ki, ürəyini şam edib zilmətlərdə çıraq kimi yandırdı…
Sən elə bir oğul böyütdün ki, andına sadiq qalıb bir ovuc torpağa çevrildi və Vətənin torpağına sirdaş oldu.
Dəyanətli ol, şəhid anası, başını dik tut!
Sənin oğlun indi bütün Azərbaycanın oğludur.

Exit mobile version