Rusiya Elmlər Akademiyası prezidentinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü olub

Tokio, 27 Noyabr, /AJMEDIA/

Bakıda səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublika elmi ictimaiyyəti ilə görüşü olub.

AJMEDIA xəbər verir ki, tədbirdən əvvəl REA-nın prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

AMEA Rəyasət Heyətinin böyük konfrans zalında keçirilən tədbirdə bu görüşün Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi baxımından vacibliyi vurğulanıb.

Görüş çərçivəsində “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi” imzalanıb.

Sənəd 4 əsas istiqaməti – “Birgə qabaqcıl elmi və texnoloji tədqiqatlar”, “Hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlər”, “Gənc alimlərə və istedadlara dəstək, alimlərin mobilliyinin optimallaşdırılması”, “Elm, innovasiya və təhsil cəmiyyətə və iqtisadiyyata inteqrasiya vasitəsi kimi” mövzuları əhatə edir.

Sənəddə qeyd olunur ki, elmi-tədqiqat və təhsil müəssisələrinin tələbə, gənc alim və mütəxəssislərinin mübadiləsi prioritet istiqamətlər üzrə elmi tədqiqatlara əhəmiyyətli töhfədir, həmçinin gələcəkdə rəqabətqabiliyyətliliyin artırılmasına, etimadlı əməkdaşlığa və qarşılıqlı anlaşmaya imkan yaradır.

Akademik mobilliyi inkişaf etdirmək, mobilliyi dəstəkləmək üçün milli və ya beynəlxalq proqramların imkanlarından istifadə edərək ikili diplom proqramlarının yaradılmasına nail olmaq iki qurumun birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərdəndir.

“Yol Xəritəsi” həm də elmlə cəmiyyət arasında əlaqələrin inkişafının strateji əhəmiyyətini önə çəkir, bu istiqamətdə birgə təşəbbüsləri dəstəkləyir. AMEA və REA arasında əməkdaşlıq çərçivəsində elmi forumlar, konfranslar, simpoziumlar və seminarların keçirilməsi, mühüm elmi problemlərin həlli üçün səylərin birləşdirilməsi nəzərdə tutulur.

Görüş tədbirin bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts