Tokio, 12 sentyabr , /AJMEDIA/
Rusiya hesab edir ki, yaxın vaxtlarda Ağdam marşrutu ilə paralel olaraq, Laçın yolu da fəaliyyətə başlayacaq.
AJMEDIA xəbər verir ki, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımının Qarabağın erməniəsilli əhalisinə çatdırılması ilə bağlı şərhində bildirilib.
Şərhdə qeyd olunub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü təşəbbüsə əsasən, iyulun 25-də Moskvada Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş əsnasında bütün maraqlı tərəflər ilə qarşılıqlı fəaliyyət əsasında Laçın və Ağdam marşrutlarının paralel şəkildə fəaliyyət göstərməsi sxemi hazırlanıb. Mövqelərin xeyli dərəcədə fərqli olması, yüksək səviyyədə etimadsızlıq səbəbindən bu iş heç də asan olmayıb. Birinci addım kimi, bu il sentyabrın 12-də regiona ümumrusiya ictimai təşkilatı – “Rusiya Qırmızı Xaçı”nın xətti ilə humanitar yardım partiyası göndərilib”.
M.Zaxarova ümidvar olduğunu bildirib ki, əvvəllər əldə olunmuş anlaşmaya uyğun olaraq, yaxın vaxtlarda yüklər mütəmadi şəkildə hər iki istiqamət üzrə maneəsiz daxil olacaq ki, bu da, öz növbəsində, Bakı ilə Qarabağın erməni əhalisi arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə 2020-2022-ci illərdə yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin reallaşmasına dair ritmik prosesin bərpa olunmasına şərait yaradacaq.