Repressiya qurbanı olunmuş xanım şairənin xatirəsi “Çəmən ayrısı” sərgisində anılacaq

Tokio, 7 dekabr , /AJMEDIA/

Uzun illərdir ki, paytaxtımızın mədəni həyatında öz fəaliyyəti ilə incəsənətimizin təbliğinə bir çox töhfələr verən “Bakı” Rəsm Qalereyası yenidən maraqlı layihələrlə öz qapılarını sənətsevərlərin üzünə açmaqdadır. Belə ki, qalereya bir çox tarixi hadisələrə şahidlik etmiş doğma İçərişəhərimizin ərazisində yerləşməklə həm paytaxt sakinlərini, həm də əcnəbi qonaqlarımızı Azərbaycanın görkəmli təsviri sənət ustalarının əl işləri ilə yaxından tanış edir. Professional rəssamlarla yanaşı, qalereya, eyni zamanda, fitri istedada malik olan insanların da yaratdığı sənət nümunələrini aşkarlayıb taparaq, onları üzə çıxardır və sənətsevərlərə təqdim edir.
“Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev AJMEDIA-ya bildirib ki, belə insanlardan biri də yazıçı-publisist Nəcibə Bağırzadədir.
Onun sözlərinə görə, N.Bağırzadə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Bununla yanaşı o, “Vətən ayrısı Rəsulzadələr”, “Uzaqdakı yaxından” kimi bir neçə kitabın, həmçinin Azərbaycan Radiosunda Cümhuriyyətə həsr edilmiş silsilə verilişlərin müəllifidir: “Publisistika sahəsi ilə yanaşı, Nəcibə xanım dekorativ təsviri sənət sahəsində də çox gözəl sənət nümunələri yaradaraq, sənətsevərləri valeh edir. Bu nəcib sənət nümunələri parça və tekstildən hazırlanmışdır. Əsasən 30-a qədər “Gül çələngindən” ibarət olan ekspozisiya göz oxşayır. Çox böyük rəng duyumu və kompozisiya quruluşu müəllifin düzəltdiyi bu sənət nümunələrində özünün estetik gözəlliyindən xəbər verir. Onun “Çəmən ayrısı” adlı sərgisi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunacaq”.
Qalereya direktoru bildirib ki, iki gün davam edəcək sərgidə Ümgülsüm xanıma aid fotomateriallar da nümayiş olunacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və “Bakı” Rəsm Qalereyasının təşkilati dəstəyi ilə açılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts