Site icon AJMEDIA Azərbaycanca

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir

Tokio, 14 may, /AJMEDIA/

Azərbaycan dinlərarası əməkdaşlıq, dialoq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir.

Bu sözləri AJMEDIA-ya açıqlamasında ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti Ravvin Mark Şnayer deyib. O bildirib ki, ravvin olaraq, Azərbaycana üç mühüm meyara görə xüsusi önəm verir.

“Birincisi, 57 müsəlman ölkəsi arasında Azərbaycan İsrailin ən yaxın dostudur. İkincisi, Azərbaycan və Prezident İlham Əliyev ölkənin yəhudi icmasına dərin ehtiramla yanaşır. Azərbaycanda 25-30 min arasında yəhudi yaşayır və onlar Prezident İlham Əliyev və Azərbaycan xalqı tərəfindən çox yüksək hörmətlə qarşılanırlar. Üçüncüsü isə Azərbaycan dünyaya dinlərarası və mədəniyyətlərarası dialoq və birgəyaşayış baxımından nümunədir”, – deyə ravvin bildirib.

M.Şnayer əlavə edib ki, İsrailin müsəlman dünyasında Azərbaycandan daha yaxın dostu, daha güclü müttəfiqi yoxdur: “Prezident İlham Əliyev və Azərbaycan xalqı yəhudi dövlətinə qarşı səmimi həmrəylik və dəstək nümayiş etdirir. Məhz buna görə də, İsrail dövləti və dünyanın dörd bir yanındakı yəhudi xalqı Prezident İlham Əliyevə və Azərbaycan Respublikasına göstərdikləri davamlı dəstək və həmrəyliyə görə son dərəcə minnətdardır”.

Exit mobile version