Rəcəb Tayyib Ərdoğan: Hədəfimiz 2023-cü ilə qədər ölkədə əkiləcək ağacların sayını 7 milyarda çatdırmaqdır

Tokio, 12 Noyabr, /AJMEDIA/

Türkiyədə 11 Noyabr – Milli ağacəkmə günüdür. Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 2019-cu ildən Türkiyədə qeyd olunan milli ağacəkmə gününün məqsədi ölkə ərazisində meşə və ağac florasını zənginləşdirməkdir.

AJMEDIA xəbər verir ki, bu gün Türkiyədə ölkə əhalisinin 3 misli qədər, 252 milyon ağac əkiləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan ağacəkmə kampaniyası ilə bağlı təşkil olunan mərasimdəki çıxışında ölkəsinin yaşıllaşdırma siyasəti, təbiətin mühafizəsi istiqamətində görülən işlər, digər sosial tədbirlər barədə geniş məlumat verib. Meşə yanğınlarının yaratdığı faciə və fəsadlarının qarşısının alınması üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, sıradan çıxan meşələrin bərpası üçün kütləvi ağacəkmə ən düzgün yoldur. Hədəfimiz 2023-cü ilə qədər ölkədə əkiləcək ağacların sayını 7 milyard ədədə çatdırmaqdır.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan videoformatla ölkənin ayrı-ayrı bölgələrindəki ağacəkmə mərasimlərinə qatılıb.

Qeyd edək ki, Türkiyə hökuməti əsasən qlobal istiləşmə səbəbindən yer kürəsinin ağ ciyərləri hesab olunan meşə florasının məhv olan hissələrinin bərpa edilməsi istiqamətində beynəlxalq ictimaiyyətə mühüm çağırışlar edib. Ötən il Azərbaycan, Bosniya və Herseqovina, Malta, Seneqal, Qazaxıstan və Ukrayna daxil olmaqla otuz ölkə bu çağırış əsasında 11 noyabr ağacəkmə kampaniyasına qoşulub.

Məlum olduğu kimi, meşə florasını məhv edən onun oksigen istehsalına mənfi təsir yaradan mühüm səbəblər kütləvi yanğın, quruma və cırlaşmadır. Kütləvi ağacəkmə bir tərəfdən məhv olan meşələri bərpa edirsə, digər bir tərəfdən isə yer kürəsinin ağac örtüyünü gəncləşdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts