Qurban Qurbanov: Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur

Tokio, 6 iyul , /AJMEDIA/

Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim.
AJMEDIA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq.
“Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq”, – deyə məşqçi əlavə edib.
Q.Qurbanov növbəti mərhələ üçün komandaların şanslarının bərabər olduğunu sözlərinə əlavə edib: “Hələ matçdan əvvəl demişdim ki, bu cütün favoriti yoxdur. Yenə də fikrimdə qalıram”.
Baş məşqçi sonda “Rəqibdən belə oyun gözləyirdinizmi” sualını cavablandırıb: “Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırlar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq”.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts