Qırğızıstanın Batken vilayətində fövqəladə vəziyyət rejimi elan olunub

Tokio, 17 sentyabr , /AJMEDIA/

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Batken vilayətində fövqəladə vəziyyət rejiminin elan olunduğunu bildirib.
AJMEDIA “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, fövqəladə vəziyyət Qırğızıstanın Tacikistanla sərhədyanı ərazilərində silahdan istifadə edilməklə qeydə alınan münaqişə səbəbindən tətbiq edilib.
“Regionda sülhün bərqərar olması, münaqişə ocaqlarında vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, əhalinin təxliyəsi üzrə işlərin aparılması, ölüm hallarının qarşısının alınması və müvafiq qüvvələrin səfərbər edilməsi məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilir”, – deyə FHN-dən bildirilib.
Sentyabrın 14-dən başlayaraq Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar qeydə alınıb. Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində 24 nəfər həyatını itirib, güllə və qəlpə yarası alan 103 nəfər isə xəstəxanalara yerləşdirilib. Fövqəladə Hallar Nazirliyi sərhədyanı yaşayış məntəqələrindən 103 min nəfərə yaxın insanın təxliyə edildiyi barədə məlumat yayıb. Qırğızıstan XİN sərhəd bölgələrində qeydə alınan silahlı insidentlə bağlı qarşı tərəfə etirazını bildirib.
Dünən axşam saatlarında Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. İclasın yekununda dövlət başçısı müvafiq strukturlara Tacikistanla həmsərhəd rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıq verib.
Qırğızıstan və Tacikistanın Dövlət milli təhlükəsizlik komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov cümə günü saat 16:00-dan etibarən atəşkəs barədə razılığa gəliblər, lakin toqquşmaların bundan sonra da davam etdiyi barədə xəbərlər yayılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts