Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi nümayəndələri Piramida Media Holdinqində olublar

Tokio, 12 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi (TAİB) nümayəndələri Piramida Media Holdinqinin qonağı olublar.
TAİB Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Eltürkün verdiyi məlumata görə, Qırğızıstanın aparıcı media quruluşunun təmsilçiləri qonaqları səmimiyyətlə qarşılayaraq türk xalqları arasında əlaqələrin inkişafına maraq göstərən təşkilatların fəaliyyətini alqışladıqlarını deyiblər.
Daha sonra TAİB sədri, akademik Sudeif İmamverdiyev və nümayəndə heyətində təmsil olunan deputat, professor Elman Nəsirov Piramida Media Holdinqə daxil olan populyar Piramida telekanalının canlı efirində çıxış ediblər.
Verilişdə 15 İyun – Milli Qurtuluş Günü və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə əhatəli fikirlər səsləndirilib, bu əlamətdar tarixə həsr olunacaq konfransa dair ətraflı məlumat verilib.
Akademik Sudeif İmamverdiyev türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsində ağsaqqalların, görkəmli elm xadimləri və mədəniyyət adamlarının böyük rol oynayacağına əminliyini ifadə edərək, Türk Ağsaqqalları Birliyinin bu yöndə həyata keçirdiyi layihələrdən bəhs edib.
Deputat Elman Nəsirov öz növbəsində Azərbaycan-Qırğızıstan əlaqələrinin bugünkü səviyyəsindən və dövlətlərarası münasibətlərin inkişaf perspektivlərindən söz açaraq Qırğızıstanın türk birliyi platformasında əhəmiyyətli roluna toxunub.
Qonaqlar göstərilən diqqətə görə Piramida Media Holdinqə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, iyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi, Qırğızıstan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts