Tokio, 30 mart , /AJMEDIA/
Qırğızıstan və Tacikistan nümayəndələri arasında keçirilən növbəti görüşdə dövlət sərhədinin daha 28,37 kilometrlik hissəsinin müəyyənləşməsinə dair razılıq əldə olunub.
AJMEDIA xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Təhlükəsizlik Komitəsinin məlumatında deyilir.
Məlumata görə, 2024-cü il martın 24-dən 29-dək Qırğızıstanın Batken şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik və hüquqi məsələlər üzrə işçi qruplarının növbəti iclası baş tutub. Tərəflər Qırğızıstan və Tacikistan dövlət sərhədinin 28,37 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər. Qırğızıstan ərazisində keçiriləcək növbəti görüşdə sərhədin qalan hissələri üzərində işlər davam etdiriləcək.
Hazırda Qırğızıstanın Tacikistan istisna olmaqla, bütün qonşu ölkələrlə – Çin, Qazaxıstan və Özbəkistanla dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başa çatıb.
Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin bu ilin fevralında bildirmişdi ki, Tacikistan-Qırğızıstan sərhədinin mübahisə doğuran təxminən 200 kilometrlik hissəsi müəyyənləşdirilib və 100 kilometrə yaxın hissəsi isə hələ mübahisəlidir.
Qırğızıstan və Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 970 kilometrdir. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Vaxtilə sərhəd mübahisələri yerlərdə qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirib çıxarıb. Bu münaqişələr hər iki tərəfdən yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.