Qafqaz Müsəlmanları İdarəsinin sədri müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Tokio, 6 iyul , /AJMEDIA/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Təaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıb.
QMİ-nin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, təbrikdə deyilir: “Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.
Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir: Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq – böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs “Qurani-Kərim”də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc; 37)
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə iyulun 9-a təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaAllah.
Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlətimizin başçısı Zati-aliləri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, onlara dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts