Qədim yaşayış məskəni – Şuşa mağara düşərgəsi

Tokio, 24 avqust , /AJMEDIA/

Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsi Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə yerləşir. 1968-ci ilin iyun ayında Azərbaycanın arxeoloq alimi, professor M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx mağara düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus 350-400 min il yaşı olan alt çənə sümüyü aşkar etmişdir.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov söyləyib.
E.Əhmədov bildirib ki, davamlı aparılan elmi tədqiqatlar zamanı Azərbaycanın Qarabağ ərazisində ən qədim ibtidai insanların uzun müddət məskən salması, bu ərazidə formalaşması elmi əsaslarla sübuta yetirilmişdir. Tarixə nəzər salsaq, görərik ki, qədim Şuşa şəhəri də zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu təsdiq edir. Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir.
1971-1975-ci illərdə professor M.Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq hissəsində paleolit düşərgələrini aşkar etmək məqsədilə arxeoloji tədqiqat işləri aparmışdır. Aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunmuşdur. Paleolit mədəniyyətinə aid daş məmulatı içərisində 4 ədəd kobud çapma aləti, 5 ədəd qaşov tipli alət, 2 ədəd mustye və levallua itiucluları və 6 ədəd qəlpə tapılmışdır. Düşərgənin daş məmulatı içərisində 7 ədəd istehsal tullantısı da qeydə alınmışdır. Bu isə düşərgənin qədim sakinlərinin əmək alətlərini mağarada hazırladıqlarını göstərir.
Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün ona Şuşa mağarası adı verilmişdir. Mağara Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çayın müasir yatağından isə 80 metr hündürlükdə yerləşir. Düşərgənin eni 20, uzunluğu 100, hündürlüyü isə 7 metrə bərabərdir. Şuşa mağarasında aparılan tədqiqatlar zamanı çöküntülərdə 5 təbəqə müəyyən olunmuşdur. Düşərgədə aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, ovlanmış heyvan sümükləri də tapılmışdır. Bu da düşərgədə yaşayan qədim insanların ovçuluqla məşğul olmalarını göstərir. Maraqlıdır ki, Şuşa mağarasının qabağında və ətraf ərazilərdə antik dövrə aid qala divarlarının qalıqları aşkar olunmuşdur. Bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar var.
E.Əhmədovun sözlərinə görə, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli fikirlər söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts