Tokio, 18 noyabr , /AJMEDIA/
Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi adı ilə ABŞ-dəki müəyyən qurumlar Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirmək istəyirlər.
AJMEDIA xəbər verir ki, bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın bəri başdan həmin o geosiyasi mübarizə meydanında olmayacağı bəlli idi.
“Azərbaycan Ermənistandan fərqli olaraq əlbəttə ki, öz xalqını və dövlət maraqlarını kiminsə maraqlarına qurban vermək niyyətində deyildi.
Azərbaycanın Amerikada keçirilən danışıqlara ümidi çox böyük idi. Lakin təəssüflər olsun ki, Amerikanın və Fransanın hazırda təklifləri Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə salınması idi. Əlbəttə belə olan təqdirdə rəsmi Bakı Qərb platformasında görüşə lüzum görməyəcək. Çünki Azərbaycan diqtəni qəbul etməyəcək. Bizim qarşımıza qoyulan hər hansı bir sənəd Azərbaycan tərəfindən imzalanmayacaq. Rəsmi Bakının mövqeyi konkretdir.
Ölkəmizə qarşı pressinqin də şahidiyik. Bu pressinq ondan ibarətdir ki, hansısa ölkələr Cənubi Qafqazda öz maraqlarını həyata keçirsinlər deyə rəsmi Bakı öz suveren hüquqlarından imtina etsin.
Bizim məqsədimiz ondan ibarətdir ki, heç kəs Azərbaycana diqtə etməməlidir, necə ki, 30 ildir Ermənistana heç kəs bir söz demirdi”, – deyə o, əlavə edib.