Prezident İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib

Tokio, 1 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Respublikası Baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib.
AJMEDIA xəbər verir ki, Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Zorana Mixayloviç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin və xalqımızın rifahı naminə görülən işlər, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı təbriklərini çatdırdı. Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğuladı. Serbiya Baş nazirin müavini, mədən və energetika naziri işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini və səfər zamanı dağıntıları öz gözü ilə gördüyünü bildirdi.
Dövlətimizin başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışdı.
Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edildi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts