Prezident İlham Əliyev: Hazırda Azərbaycan-İndoneziya əlaqələrinin keyfiyyətcə yeni pilləyə qaldırılması üçün yaxşı imkanlar var

Tokio, 24 sentyabr , /AJMEDIA/

Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar var.
AJMEDIA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar indoneziyalı həmkarı Coko Vidodoya ünvanlandığı təbrik məktubunda ifadə olunub.
“İndoneziya Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq. Biz ölkənizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın haqq işini davamlı dəstəkləməsini yüksək qiymətləndirir, bunu həmrəyliyimizin və dostluğumuzun həqiqi təzahürü kimi dəyərləndiririk”, – deyə məktubda vurğulanır.
Dövlətimizin başçısı bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işlərinin əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaratdığını qeyd edərək bildirib: “İnanıram ki, birgə səylərimizlə Azərbaycan-İndoneziya əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts