Site icon AJMEDIA Azərbaycanca

Politoloq: Türkiyə və Rusiya ilə imzalanan müttəfiqlik bəyannamələri Cənubi Qafqazda formalaşan yeni konfiqurasiyanı rəsmən təsbit edir

Tokio, 23 fevral, /AJMEDIA/

Xarici siyasətdə milli maraq təkcə əsas anlayış kimi çıxış etmir, həm də xarici siyasətin formalaşmasında bələdçi rolunu oynayır. Milli maraq anlayışının tarixi müasir dövlət sisteminin təkamülünün baş verdiyi dövrə gedib çıxırsa, beynəlxalq münasibətlər sisteminin yeni, bir o qədər də dağınıq, bu və ya digər ölçüdə hətta təhdid doğuran nizamında və beynəlxalq şəraitdə dövlətlərin və dövlət xadimlərinin davranışının əsas səbəbini təsvir etmək üçün mühüm element kimi çıxış edir. Heç şübhəsiz ki, öz dəyərlərini, maraqlarını başqalarından və başqalarına qarşı qorumaq kimi məsələlərin güzəştsiz prioritetlər kimi müəyyənləşdirilməsinin əsas götürülməsi də daxil olmaqla, milli maraq millətin fəaliyyət göstərdiyi ümumi və davamlı məqsədlər kimi də təsvir edilir, dövlətin istəklərini göstərir. Həyata keçirilən aktual siyasət və proqramların tətbiqində də ondan operativ şəkildə istifadə edilə bilər. Dövlətlər arasında hər hansı bir plan, strategiya, konsepsiya, müqavilə bu və ya digər adla ifadə olunan hər hansı bir məsələ və məsələlərə bağlı sənədə imza atılan zaman dövlət və dövlət adamları öz milli maraqlarını göz önündə saxlayırlar. Əgər dövlət adamı güzəştlərə və ya imtiyazlara razıdırsa, bunu yalnız o zaman edir ki, bunun, bunların onun dövlətinə birbaşa və ya dolayısı ilə müəyyən üstünlüklər gətirdiyinə əmin olur. Yəni, əməkdaşlıq, yaxınlaşma, hətta rəqabət, qarşıdurma və ən kritik məqamda belə müharibə və hər şey müəyyən bir vəziyyətdə millətin maraqlarını nəzərə alaraq baş verir. Ümumi maraqlar naminə müəyyənləşdirilmiş realist, soyuq, təmkinli hədəflər bunu diktə edir.

Bu fikirləri AJMEDIA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, müasir və aktual siyasi reallıqlar sübut edir ki, beynəlxalq münasibətlər sistemində milli təhlükəsizliyin sadəcə siyasi, iqtisadi, enerji kimi bu və ya digər komponentinin sadəcə bir-birini tamamlamadığı halda deyil, hətta bütöv aktor kimi xarakterizə olunan dövlətlərin hər biri də tək və müttəfiqsiz halda milli təhlükəsizlikliklərini təmin etmək istiqamətində ciddi problemlər yaşayırlar. Yəni, getdikcə qabarıq hal alan proseslər fonunda təhlükəsizlik siyasəti həm daxili, həm də regional və beynəlxalq aktorlar da olmaqla beynəlxalq mühitin hərtərəfli qiymətləndirilməsini əhatə edir. Çünki bu əhatə dairəsi qısa və uzunmüddətli məqsədlərə çatmaq istiqamətində onların uyğunlaşdırılması üçün meyarlar təqdim edir. Konstruktiv, ardıcıl, təmkinli, tərəflərlə bərabər səviyyəli münasibətlərə açıq, şəffaf siyasət dövlətin istəklərini beynəlxalq ictimaiyyətə çatdırır və beləliklə, beynəlxalq anlaşma və əməkdaşlığı asanlaşdırır ki, milli maraqlar ancaq bu cür balanslaşdırılmış siyasətlə təmin olunur.

“Maraq və milli təhlükəsizlik son etapda, əslində, bir çox məqamlarda şəxsiyyət-lider amili ilə tamamlanır ki, gücünün və nüfuzunun miqyasından asılı olaraq dövlətin digər aktorlara və ya qruplara qarşı özünü qoruma və daha güclü əsaslarla reallıqlarını diktə etmə mexanizmi qismində büruzə verir. Yaranan yenilik isə özünə çevik, ənənəvi baxış bucağından fərqli, mövcud olan və yarana biləcək potensial proseslərə proaktiv yanaşma tərzi, reallığı sadəcə yaratmaq deyil, təsdiq etdirə bilmək gücü tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi və professional xüsusiyyətləri fonunda bütün sadalanan amilləri və baş verən proseslərə reaksiyamızı, əldə etdiyimiz nəticəni göstərərək reallıqla, qürurla və fəxrlə, bir o qədər də əminliklə deyə bilərik ki, dövlətimizin başçısı milli maraqlarımızın təmin olunmasının ən böyük qarantıdır. Ölkə Prezidenti milli maraqlarımızı əsas tutaraq yürütdüyü siyasət özünü 44 günlük Vətən müharibəsi zamanı əldə olunan nəticə: Azərbaycan xalqının sözünü deməsi, dövlətimizin isə mövcud reallıqları diktə etməsi ilə göstərdi. Bir tərəfdən Azərbaycan xalqının iradəsi onun liderinin Moskvada atdığı imzası ilə təsdiqləndisə, digər tərəfdən millətimizin vəkillərinin İrəvandan, Ermənistanın mərkəzindən gələn səsləri-sədaları ilə qürur və fəxr mənbəyinə çevrildi.

Burada hökmən toxunmalı olduğumuz bir reallıq da mövcuddur ki, bu da ərazi olaraq Cənubi Qafqaz kimi kompleks maraqların toqquşduğu bir regionda yerləşməyimizdir. Məhz bu amilin özü də ikiqat səy, gözlənilən və gözlənilməyən hadisələrə proaktiv yanaşma tələb edir. Əldə etdiyimiz zəfərin sonrakı etapda həzm etdirilməsi və leqallaşdırılması məsələsi, görünən odur ki, dünya birliyində bu reallığa adaptasiya mürəkkəbliyi yaradır. Məhz bu mürəkkəbliklərin mövcudluğu fonunda nəzərə alsaq ki, nəzəri olaraq diplomatiya dostların sayını artırmaq, düşmənləri minimallaşdırmaq ya da ən azından neytrallaşdırmaq sənətidirsə, praktiki olaraq Azərbaycanın müttəfiqlərinin sayını artırmaq istiqamətindəki addımları baş verən siyasi proseslərlə səsləşir”, – deyə politoloq diqqətə çatdırıb.

Vətən müharibəsi zamanı Rusiyanın təmkinli davranış sərgilədiyini vurğulayan Ş.Həsənova deyib: “Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu. Hökmən onu da vurğulamalıyıq ki, hazırda “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzalanan Bəyannamədə həm 10 noyabr, həm 11 yanvar, həm də 16 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməsi məsələsini özünü ehtiva edir. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Düşünürəm ki, sözügedən bəyanatda beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi məsələlərinin qeyd olunması 10 noyabr tarixli müqavilədə əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır. Yəni, Azərbaycana separatistlər və yeni müharibə iddiasi ilə çıxış edən, ya da proseslərin gedişatını ləngitməyə çalışaraq ölkələrin iradəsinə, xalqların təhlüksəzilik və rifahına əks bucaqda dayanan revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. Mütləq onu da qeyd etməliyik ki, sözügedən sənədin hazırlanması yeni bir xəbər deyil, bunun hazırlıq prosesi uzun müddət idi ki, gedirdi. Bununla bağlı da dövlətimizin başçısı həm 2020-ci il 10 oktyabr tarixində RBK telekanalına verdiyi müsahibədə, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqa müraciətində bunun anonsunu vermişdi ki, Rusiya ilə əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Yəni, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddət idi ki, planlaşdırılırdı. Bu sənədin regionda gedən son proseslərlə əlaqəsi mövcud deyil. Azərbaycan müstəqil, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur. Xarici siyasətimizin prioritet istiqamətlərində məhz bu amillər dəqiqliklə və aydınlıqla təsbit olunmuşdur. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının öz maraqları üçün prioritet hesab etdiyi heç bir məsələdə prinsipial mövqe nümayiş etdirməsi yolunda əngəl deyil. Bundan əlavə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir, ölkə olaraq heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri dinamik və yüksələn xətlə inkişaf etdirir. Azərbaycan hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində əməli və konkret addımlar atır. Rusiya və Azərbaycan Prezidentlərinin fevralın 22-də imzaladıqları Bəyannamə bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksək inkişaf tempinə malikdir, heç bir xarici qüvvə bu münasibətlərin inkişafına mane ola bilməz. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verən mühüm amil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələrdir. Dövlətimizin başçısı 60 illik yubileyi münasibətilə təbrik edən Prezident Vladimir Putin deyirdi: “Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur. Bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir. Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi, öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir”. Bu fikirlər bir tərəfdən dövlət başçıları arasında qarşılıqlı səmimi münasibətin əyani təzahür formasıdırsa, digər tərəfdən də iki dövlətin və onun xalqlarının sülh, təhlükəsizlik və rifah şəraitində yaşamaqları, addım atmaqları üçün zəruri amildir. Bu münasibətlər də öz növbəsində həm regionda sülh və sabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir”.

Politoloq qeyd edib ki, Vətən müharibəsində qazandığımız zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki Bəyannamə bu məqsədə xidmət edir. İmzalanan Bəyannamələr ölkələrimiz arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açacaq. Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddialarının heç biri əsası mövcud deyil. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin yekunudur.

“2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin indiki və gələcək üstünlükəri mövcuddur. Bu, xalqların əsas maraqlarını təmin etməklə cari və perspektiv təhdidlərin və imkanların aradan qaldırılması üçün təlimatlar müəyyən edir. Sənəd bir neçə əsas istiqaməti özündə ehtiva etməklə müraciət etdiyi mövzuların çeşidinə görə digər sənədlərdən fərqlənir, paralel olaraq milli maraqlarımızın təmin olunması istiqamətində ayrılıqda hər biri, bütövlükdə isə hamısı ilə bütünləşir və bütövləşir. Mühüm amil odur ki, əsas milli dəyərlər və maraqlar və bu dəyərlərə və maraqlara meydan oxuyan təhlükə spektrinə dair konsensusun formalaşması Azərbaycanın imzası olan hər bir sənədlə təsdiqlənir. Ən mühüm məsələ odur ki, Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir. Rusiya və Azərbaycanın münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında quracaqları ilə bağlı maddənin Bəyannamənin birinci bəndində vurğulanması da bunu göstərir.

Özündə üç və ya daha çox dövlət arasında münasibətlərin müəyyən prinsiplərə uyğun koordinasiyasını ehtiva edən multilateralizmə, qlobal çağırışlara və bəşəri sınaqlara cavab olaraq qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın artırılmasının qlobal disfunksiyaya qalib gəlməsi üçün gec olmadığının üzə çıxardılması kimi reallıqlar və məsələlər bir dövlət kimi Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlarda öz təsdiqini tapır. Azərbaycanın milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın dövlət başçısının xarici siyasətində prioritet hesab etdiyi sahələrdən biri, hətta birincisi qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasıdır. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil olduqca mühüm rol oynadı. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq bildirdi: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”. Həm Azərbaycanın müharibədə əldə etdiyi Zəfərdən sonra bir tərəfdən onun leqallaşdırılması işində əldə etdiyimiz nəticələr, həm də digər tərəfdən regional və qlobal aktorlarla olan mövcud və müsbət münasibətləri bu məsələdə də kimin udub, uduzduğunun əyani sübutudur”, – deyə Ş.Həsənova əlavə edib.

O deyib ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması və 11 fevralda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Şuşa Bəyannaməsi”nin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı, fevralın 12-də isə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” “Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanununu imzalaması Bəyannamənin sadəcə iki dövlət üçün önəmli olmaqla kifayətlənməyib, həm də region və bütövlükdə beynəlxalq münasibətlər sistemində baş verə biləcək hadisələrin artıq fərqli inkişaf xəttinin ayaq səsləri, senarisinin xəbərçisi olduğunun göstəricisidir. Bu baxımdan “Şuşa Bəyannaməsi”nin sadəcə tarixi əhəmiyyətini deyil, siyasi çəkisinin ağırlığını da kifayət qədər düzgün dəyərləndirmək lazımdır. Xüsusilə də beynəlxalq münasibətlər sistemində dağınıq mühitin hökm sürdüyü, ziddiyyətlərin, zaman-zaman hətta pik səviyyəyə yüksələn eskalasiyaların olduğu reallıqları kontekstində özündə bu cür hərbi-siyasi öhdəliyi ehtiva edən sənədin imzalanması da həm məsuliyyət, həm də mütləq vurğulamaq lazımdır ki, siyasi iradə, qətiyyət və daha vacibi isə şücaət və cəsarət tələb edirdi. Bu baxımdan da “Şuşa Bəyannaməsi” illər ərzində həm Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımların, həm də qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın addımlarının müştərək təşkilinin məntiqi nəticəsi və bəhrəsidir.

“Mühüm məsələ ondan ibarətdir ki, regionla bağlı açar məsələlərdə Türkiyə, Rusiya və Azərbaycanın qərarqəbuletmə mexanizminin daha ağırlıqlı olduğu reallıqları prizmasından baxdıqda regionun önəmli aktoru olan Rusiyanın da “Şuşa Bəyannaməsi”nə qarşı çıxmaması ikitərəfli və çoxtərəfli kontekstdə atılan addımların düzgün koordinasiya edildiyinin uğurlu yekunudur. Çünki Bəyannamədə açıq şəkildə ehtiva olunur ki, Türkiyə və Azərbaycan arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Bəyannamənin müdafiə xarakterli olması özünüqoruma amilini ehtiva edirsə, digər tərəfdən də birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, sadəcə güc deyil, həm də idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Burada mütləq nəzərə almalıyıq ki, bir tərəfdən Zəngəzur dəhlizinin açılması ilə bağlı dialoq Ankara-Bakı-Moskva arasında davam edirsə, digər tərəfdən də “Şuşa Bəyannaməsi”ndə məsafə baxımından regiondan kənar olan aktorlarla bağlı məsələlərdə-Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində tərəflərin qabaqcıl rolunun vurğulanması tərəflərin olduqca konstruktiv və balanslı mövqe sərgiləməsindən xəbər verir”, – deyə politoloq bildirib.

Çoxşaxəli diplomatiyamıza nəzər salan Ş.Həsənova onu da qeyd edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə Görüşündən sonra institusional dəyişiklik edilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Bu dəyişiklik sadəcə məzmun baxımından deyil, həm də yaradılan geniş imkanlar, ümumi maraqlar nəzərə alınaraq mühüm qərarların həyata keçirilməsində, sinxron addımların atılmasında mühüm rol oynayacaq. Belə ki, mövcud fakt beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, onun fəaliyyət arealının qlobal əhəmiyyət kəsb etməsinə mühüm təsir edəcək amildir. 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilmiş təsisatın əhəmiyyətinin və regional proseslərə təsirinin artırılması Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. Heç də təsadüfi olaraq dəfələrlə bildirmirik ki, Azərbaycan regionda elə bir geosiyasi dəyişikliyə imza atıb ki, zamanında xəyal kimi görünən məsələlər bu gün artıq reallıqdır.

Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri də yüksək səviyyədədir. Hər iki dövlətin rəhbərlərinin ən ali səviyyədə verdiyi bəyanatlar, səsləndirdikləri fikirlər, siyasi təsisatların müxtəlif qolları tərəfindən reallaşdırılan qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan, Azərbaycan-İran arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin yüksək, həm də perspektivdə yüksələn inkişaf tempindən xəbər verir.

“Xarici siyasətimizin digər bir qolu Avropa İttifaqı ilə münasibətlərimizin yüksələn inkişaf xəttinə malik olmasıdır. Belə ki, bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan həm də bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərin zəminində enerji amili dayanır. O reallığı nəzərə alaq ki, enerji təhlükəsizliyinə nail olmaq üçün Avropa İttifaqı enerji siyasətinin demək olar ki, bütün sahələrini bu problemin həllinə kömək edə biləcək əsaslı şəkildə sintetik bir yanaşma tətbiq edir. Bütöv Avropanı enerji ilə təmin edən bir neçə potensial mənbənin mövcud olmasına baxmayaraq son zamanlarda köhnə qitə üçün enerji təhlükəsizliyi konsepsiyası üçüncü komponentlə zənginləşdirilmişdir. Belə ki, Avropa üçün davamlı enerji ritorikası mütəmadi olaraq “etibarlı, təhlükəsiz, dayanıqlı və sərfəli enerjiyə” ehtiyac tezisini əvəz edir ki, Azərbaycan da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər təbii qazını Avropaya nəql edən, idxal, ixrac və tranzit ölkələri özündə birləşdirməklə hər bir tərəfə fayda verən, dörd seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı məhz Azərbaycan Respublikası olmuşdur. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir”, – deyə Ş.Həsənova vurğulayıb.

Politoloq sonda əlavə edib ki, bu gün Azərbaycan bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanan ölkədir. Belə ki, NATO ilə münasibətlər də uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşməsi, bu il fevralın 15-də Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng etməsi və söhbət əsnasında Baş katibin Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə etməsi bu münasibətlərin müsbət istiqamətdə davam etdiyini söyləməyimizə tutarlı əsaslar verir.

Exit mobile version