Pedaqoji Universitetdə Zəfər Gününə həsr olunan tədbir

Tokio, 5 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

ADPU-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə universitet rəhbərliyi, şəhid valideynləri və qazilər, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ilə görüşüb, universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi, “Zəfər stendi” və “Zəfər guşəsi” ziyarət olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən rektor Cəfər Cəfərov bu gün tariximizin ən möhtəşəm qalibiyyət salnaməsini – Böyük Zəfərimizin üçüncü ilini qeyd etdiyimizi vurğulayıb. C.Cəfərov deyib ki, bu il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qondarma rejim tamamilə tərk-silah edildi və özünü buraxmağa məcbur oldu. Beləliklə, Azərbaycan ərazi bütövlüyü ilə yanaşı suverenliyini də tam bərqərar etdi. Bundan sonra artıq ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rektor C.Cəfərov Vətən müharibəsində Pedaqoji Universitetin 15 tələbə və məzununun da şəhid olduğunu xatırladıb. Qeyd edib ki, onlardan iki nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni zamanda, Zəfər salnaməmizin yeganə xanım şəhidi olan Arəstə Baxışova da Pedaqoji Universitetin yetirməsi, Azərbaycan Dövlət Pedaqoji Kollecin məzunudur.

C. Cəfərov xatırladıb ki, ADPU-nun 100 illiyində “Pedaqoji Universitetin Qəhrəmanları” ensklopedik toplusu hazırlanaraq nəşr olunub, ADPU-da “Zəfər stendi”, “Zəfər qorelyefi” yaradılıb, bu yaxınlarda isə Pedaqoji Universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirildiyi “Zəfər guşəsi” açılıb.

Daha sonra çıxış edən şəhid anaları Radə Qurbanova, Məktubə Baxışova, Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, I Qarabağ və Vətən müharibəsi veteranı Tahir Məmmədov, eləcə də digər şəhid ailəsi üzvləri və qazilər göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edərək, canını fəda edən qəhrəmanlarımızın qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyinin fərəhini yaşadıqlarını vurğulayıblar.

Sonda fəal gənclərə partiya biletləri təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts