Tokio, 15 sentyabr , /AJMEDIA/
Yeni tədris ili respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi üçün bir sıra yeniliklərlə başlayıb.
Bu barədə AJMEDIA-ya universitetdən məlumat verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, ADPU-nun Azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz yerinə yetirilib. Yalnız rus bölməsində bir neçə boş yer qalıb. Ümumilikdə isə Pedaqoji Universitetin 2570 nəfərlik qəbul planı 96,42 faiz təşkil edib. Beləliklə, universitetin hər il qəbul planının yüksək faizlə dolması ölkəmizdə və universitetdə aparılan davamlı islahatların, müəllimlik peşəsinin artan nüfuzunun məntiqi nəticəsidir. Xatırladaq ki, ötən il ADPU-nun qəbul planı 2470 nəfər idi.
Azərbaycan Dövlət Pedaqoji Universiteti bütün sahələr üzrə yüksəkixtisaslı pedaqoji kadr hazırlamaq missiyasına uyğun olaraq, dövrün tələblərini nəzərə alaraq, ilbəil yeni ixtisaslar üzrə kadr hazırlığını genişləndirir, təhsildə ən müasir innovativ texnologiyaları tətbiq edir.
Tələbələri üçün geniş imkanlar yaradan Pedaqoji Universitetdə cari tədris ilindən bakalavriat səviyyəsi üzrə iki yeni ixtisas (dil və ədəbiyyat müəllimliyi (türk dili və rus dili üzrə), bir neçə ixtisasda isə rus və ingilis bölmələri, magistratura səviyyəsində bir yeni ixtisaslaşma – menecment (ali təhsilin təşkili və idarə olunması) ixtisası üzrə qəbul aparılıb. Qeyd edək ki, yeni açılan ixtisaslar üzrə qəbul planı tam dolub. Eyni zamanda, Pedaqoji Universitetdə 2023-2024-cü tədris ilindən etibarən tələbələrin ölkəmizin müxtəlif regionlarında təcrübə keçmələrini təmin edəcək pedaqoji internaturanın tətbiqinə start veriləcək.
Yeni tədris ilinə hazırlıqla bağlı görülən tədbirlərdən biri də müasir dövrün tələbləri nəzərə alınaraq, davamlı surətdə icra olunan elektron tədris resurslarının yaradılmasıdır. Pedaqoji Universitetdə professor-müəllim heyətinin “Moodle” kabinetlərinin yaradılması üzrə müəllimlərə təlimlər bir ildən çoxdur ki, davam edir. Artıq ADPU, filiallar və kollecin 500 nəfərədək müəllimi “Moodle” kabineti yaratmışdır.
Məlum olduğu kimi, “Moodle” (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) – dünyada ən geniş yayılmış sərbəst, pulsuz, məsafədən və qeyri-sinxron öyrənmə sistemidir. Dünyanın bütün ölkələrində əlçatan olan bu sistem 82 dildə (əsasən Azərbaycan dilində) dəstəklənir. Bu sistemdə bütün müəllimlərin dərslərinin və dərs materiallarının olması tədris resurslarına əlçatanlığın yüksəlməsinə böyük töhfə verəcək. Əsas amillərdən biri də fors-major hallarda (pandemiya və s. səbəblərdən əyani dərslərin dayandırılması) bu sistemlər vasitəsilə universitetin tədris prosesini rahatlıqla davam etdirilməsidir. Universitet Elmi şurasının son iclasının qərarına əsasən, cari tədris ilindən başlayaraq müəllimlərin “Moodle” kabinetlərinin olması məcburidir.
Qeyd edək ki, Pedaqoji Universitetdə bakalavriat səviyyəsi üzrə 24 ixtisasda, magistratura səviyyəsi üzrə 28, doktorantura səviyyəsi üzrə isə 33 ixtisaslaşmada kadr hazırlığı həyata keçirilir.
Cari tədris ilində tələbə qəbulunun I turunun nəticələrinə əsasən, ADPU-nun I tədris ilinə qəbul olunanların sayında 2,3 faiz artım qeydə alınıb. Birinci tədris ilinə qəbul olunanlar arasında ən çox artım III və V qruplardadır. III qrupda 6 faiz, V qrupda isə 6,5 faiz artım qeydə alınıb. Qəbul olanlardan 981 nəfəri 400-dən çox, 930 nəfəri 300-400 arası bal toplamış şəxslərdir. Bu il subbakalavr yolu ilə universitetə qəbul olan yoxdur.
Ötən illə müqayisədə yeni qəbul olunanlar arasında dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayında da 2,4 faiz artım qeydə alınıb. Ümumilikdə isə cari tədris ilinin I tur qəbul nəticələrinə əsasən, qəbul olunan tələbələrin 64 faizi dövlət sifarişi əsasında təhsil alacaq. Güzəşt kateqoriyalarına aid olan ödənişli əsaslarla təhsil alan tələbələrin də təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi nəzərə alınarsa, bu nisbətin 70 faizdən çox olacağı proqnozlaşdırılır.
Ödənişli əsaslarla təhsil alan tələbələrimiz üçün təhsilin əlçatanlığını təmin etmək məqsədilə ADPU I tədris ilinin tələbələrinə qeydiyyat zamanı təhsil haqqının 50 faizini ödəməyə imkan yaradır. Bunlarla yanaşı, tələbələr Tələbə Təhsil Krediti Fonduna müraciət edərək, sərfəli şərtlərlə təhsil haqqı kreditindən də yararlanırlar. Belə ki, ötən tədris ilində 399 tələbə təhsil kreditindən yararlanıb. Cari ildə də qeydiyyat prosesində tələbə təhsil kreditinə müraciət edənlərin sayı 48 nəfərdir.
ADPU-da, həmçinin magistratura səviyyəsi üzrə qəbul nəticələri yüksək qiymətləndirilir. Belə ki, 2023-2024-cü tədris ilində 440 plan yeri 100 faiz dolub, müəyyən səbəblərdən 10 nəfər qeydiyyatdan keçməyib. Nəticədə yekun qəbul nisbəti 97.7 faiz təşkil edir.
Magistratura səviyyəsində bir sıra ixtisaslaşmalar üzrə qəbul ballarının əvvəlki illərə nisbətən artması da diqqəti cəlb edir. Pedaqogika ixtisasının “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” ixtisaslaşması üzrə 2023/2024-cü tədris ilində dövlət sifarişli 30 plan yeri tam dolub, ixtisas üzrə keçid balı 74, ən yüksək nəticə isə 90,5 bal təşkil edib.
2021/2022-ci tədris ilindən qəbul aparılan MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının keçid balı 58, ən yüksək nəticə isə 94 bal olub.
Pedaqoji Universitetin magistraturalarına dövlət sifarişi əsasında ən aşağı keçid balı təsviri incəsənət müəllimliyi ixtisasının “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” (58,5 bal) ixtisaslaşmasında, ən yüksək keçid balı isə tarix müəllimliyi ixtisasının “Tarix fənninin tədrisi metodikası və metodologiyası” (81 bal) ixtisaslaşmasındadır