Site icon AJMEDIA Azərbaycanca

Parisdə “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans təşkil edilib

Tokio, 21 mart , /AJMEDIA/

Azərbaycanın Fransadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi və “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans keçirilib.

AJMEDIA xəbər verir ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, professor Güllü Yoloğlu çıxış edərək xalqımızın milli adət-ənənələrini ehtiva edən Novruz bayramı haqqında məlumat verib. Novruzun tarixi, yaranma səbəbləri, cəmrə və çərşənbələr, Türk xalqlarının bahar bayramları ilə oxşarlığı mövzularından bəhs edib. Novruz bayramında tonqal yandırmaq adətinə toxunan tədqiqatçı tonqalın şamanizmdən gələn saflaşdırıcı, şəfa verici, xəstəyə sağalmaq eşqi, ümidsizlərə ümidverici, insanlara inamla yaşamaq həvəsi verən xüsusiyyətlərindən bəhs edib, bu bayramın sülh və barış bayramı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu Fransada Novruz bayramı ilə əlaqədar ilk elmi konfransdır. Tədbirdə doktorantlar, tədqiqatçılar, elmi işçilər, vəkillər, jurnalistlər iştirak ediblər. Həmçinin konfransda Fransanın Lion, Strasburq, Qrenobl, Metz, Lil, Monpelye, eləcə də İsveçrənin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan icmasının nümayəndələri də qatılıb.

Tədbir çərçivəsində Fransada fəaliyyət göstərən Əsmər Nərimanbəyova və Sahib Əsədli, həmçinin Tulay Musanın Novruz mövzusuna həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.

Exit mobile version