Özbək, türkmən, uyğur, tatar, azər bir boydu…

Tokio, 30 Noyabr, /AJMEDIA/

Tamamən İslamın gözəl əxlaqına, səlim yaşamına sahib olan ölkə kimi ziyarət etdim qardaş Özbəkistanı. Öncələr dəfələrlə səfər etmək imkanım olmuş qardaş ölkəni yeni ziyarətim zamanı da özümü heç bir halda yad bilmədim, qonaq hiss etmədim. Elə bildim, mən burda göz açmışam, burda yaşa dolmuşam. Azərbaycanın məşhur bir mahnısında deyildiyi kimi canım bu torpaqdadı, qanım bu torpaqdadı. Hər qədəmdə özbək qardaş-bacılarımızın gözəl əxlaqını gördüm, yüksək qonaqpərvərliyini gördüm, bu ölkənin göz işlədikcə uzanıb gedən topraqlarının bar-bərəkəti, füsunkar təbiəti ruhumu oxşadı.

AJMEDIA xəbər verir ki, bu fikirlər Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, professor Qənirə Paşayevanın yeni çapdan çıxmış “Addım – addım Özbəkistan” kitabında yer alıb.

Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin də rüşeymləri var. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, öz tariximizlə yanaşı, digər millətlərin də keçmişini bilməliyik. Bu işdə bizə tarixi mənbələr, arxiv sənədləri ilə yanaşı, yaxın-uzaq məmləkətləri ziyarət edən qələm adamların yazdıqları da yaxından kömək edir. Bu sırada qardaş Özbəkistanla bağlı Qənirə xanım Paşayevanın yazdığı “Addım – addım Özbəkistan” kitabı xüsusilə mühüm əhəmiyyət daşıyır. Kitab hər bir oxucuda Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşən Özbəkistan haqqında dolğun təsəvvür yaradır.

Qardaş ölkənin dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsində işıq üzü görən kitabın redaktorları Beynəlxalq “Alaş” Ədəbi mükafatı laureatı Əkbər Qoşalı, “Ədəbiyyat qəzeti”inin şöbə müdiri Sərvaz Hüseynoğlu və tanınmış özbək şair-tərcüməçisi Şəhla Qasımovadır. “CBS”-də nəfis tərtibatla çıxan 448 səhifəlik kitabın məsləhətçiləri isə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın məşhur “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmdir. Nəşrin redaksiya heyətinə, həmçinin Arzu Bağırova (Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri) və İntiqam Yaşar (DGTYB başqanı) daxildir.

Müəllif kitabın əsas hissəsini qardaş ölkəyə etdiyi səfərlərin təəssüratları əsasında yazdığını bildirib. Bu kitab, Özbəkistanın timsalında Mərkəzi Asiyanın, Türk dünyasının, İslam aləminin qədim tarixi, zəngin mədəniyyəti haqqında dolğun bilgilərlə zəngin bir qaynaqdır. Kitabda Özbəkistanın dövlət atributları, müxtəlif statistik bilgilər, bu qardaş ölkə üçün Türk Şurasının VII Zirvə Görüşü ilə başlanan yeni dönəm, Özbəkistan – Azərbaycan əməkdaşlığı, Özbəkistanda Azərbaycan mədəniyyətini sistemli şəkildə təbliğ edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış azərbaycanlıları barədə ətraflı söz açılıb. Həmçinin Özbəkistanın mədəniyyəti, ədəbiyyatı, şəhərləri, adət-ənənələri, ölkənin turizm və din mərkəzləri, Özbəkistana unudulmaz səfərlər də kitabda öz əksini tapıb, qardaş ölkənin möhtəşəm tarixi abidələri, tarixi şəxsiyyətləri haqqında da geniş məlumatlar verilib. Nəşrdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, strateji partnyorluq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev arasında görüşlərə xüsusi yer ayrılıb.

Nəşr artıq Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən Özbəkistanın Xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovа təqdim edilib. Kitab Özbəkistanın və Azərbaycan mədəniyyət mərkəzlərinə, kitabxanalara, ali təhsil ocaqlarına, eləcə də, dövlət və ictimai qurumlara hədiyyə edilib.

Müəllif yazır ki, Azərbaycan- Özbəkistan münasibətlərinin tarixi uzaq yüzilliklərə gedib çıxır. Qardaş xalqlarımızı eyni kökdən gələn adət-ənənələr, dil, din, mədəniyyət birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olub. XX yüzilin 30-cu illərində kütləvi repressiyalar zamanı 10 minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında həmvətənlərimiz çox yaxından iştirak edib, fədakarlıq göstərib. Hazırda Azərbaycan və Özbəkistan prezidentlərinin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.

Qənirə Paşayevin “Addım-addım Özbəkistan” kitabını vərəqlədikcə iki ölkə arasında körpü rolunu oynayan, Azərbaycan ruhunu bu ölkəyə daşıyıb orada yaşadan neçə-neçə soydaşımızın ömür yoluna bir daha nəzər salırsan, onların qardaş ölkədə gördükləri böyük işlərlə fəxarət duyursan.

Müəllif yazır: “Fərqli memarlıq abidələrini, fərqli dönəmləri yansıdan, tarix qoxuyan bir məkandı Daşkənd!” Geniş və abad xiyabanları boyunca gəzib-dolaşdıqca bu tarixi şəhərin günümüzə qədər dünyanın üzləşdiyi hər cür ağrı-acını, süqut və yüksəliş mərhələlərini öz varlında yaşatmış olduğunun fərqinə varırsan. Daşkənd 2 min illik möhtəşəm keçmişiylə tarixə yoldaşlıq, sirdaşlıq edir. Bu şəhər bütün zamanlarda qonaqlarına qayğı və sayğı ilə qucaq açıb. Ağsaçlı tarix xatırladır ki, hələ yüz il bundan öncələrdə Rusiyada aclıq və qıtlıq insanları zor duruma salan vaxtı, Daşkənd hər kəs üçün bir ümid qapısına dönüb. “Çörəkli şəhər” deyib ona sığınan rusları əsl türk qonaqpərvərliyi ilə qarşılayıb. Orta Asiyanın ürəyi-Çörək verməyib ki, əvəz istəyə, çörək verib ki, çörəkli olsun….”

Kitabı oxuduqca insan xəyalən Özbəkistanı gəzir, bu yurdun füsunkar təbiəti, ləziz təamları, səmimi adamları ilə yaxından tanış olur. Qiyabi səfər etdiyi bu yerləri əyani görmək eşqi ilə xəyallar qurur. Əslində bu, müəllifin şirin dili, axıcı üslubundan, qardaş ölkəyə sevgisindən, bütövlükdə türk dünyasına olan sonsuz məhəbbətindən irəli gəlir.

Məhz elə bu səbəbdən də Qənirə Paşayeva bu kitabı türk dünyasının birliyi və güclənməsi üçün çalışmış böyük şəxsiyyətlərimizin ruhuna ehtiram, bu gün də eyni amal uğrunda fədakarlıq göstərən aydınlarımıza şükranlığın ifadəsi olaraq qələmə alıb. İndiyədək müxtəlif mövzulu və janrlı kitablarla oxucu qəlbinə yol tapmış Qənirə Paşayevanın kitabları içində türk dünyasına həsr olunmuş əsərləri özəl yerə sahibdir.

Kitabların da ömrü müxtəlif olur. Kitab var ki, çapdan çıxar-çıxmaz unudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur, zaman-zaman ona ehtiyac və tələbat duyulur. Təkrar nəşrləri olur, ya da zahirən köhnəlsə də vərəqləri saralsa da oxunur, fayda verir. Özbəkistana səfər etmək, bu ölkəni yaxından tanımaq istəyənlər mütləq Qənirə Paşayevanın bu kitabına müraciət edəcək, ondan faydalanacqlar.

Maraqlı üsluba və süjet xəttinə malik olan bu kitabın da “Türk dünyası kitabxanası”nda öz haqq etdiyi yeri alacağına, türkoloqlar, kulturuloqlar, regionşünaslar, o cümlədən gənclər tərəfindən maraqla qarşılanacağına inanırıq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts