Site icon AJMEDIA Azərbaycanca

Özbəkistanda BMT-nin Dövlət Qulluğu Forumu keçirilir

Tokio, 23 iyun, /AJMEDIA/

Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dövlət Qulluğu Forumu keçirilir.

AJMEDIA “Gazeta.uz” nəşrinə istinadla xəbər verir ki, Özbəkistan Prezident Şavkat Mirziyoyev BMT forumunun iştirakçılarına təbrik məktubu göndərib. O, Özbəkistanda Dövlət Qulluğunun Rəqəmsal Transformasiyası üzrə Qlobal Bilik Mərkəzinin və Beynəlxalq Gənc Liderlər Məktəbinin yaradılması təşəbbüslərini dəstəkləməyə çağırıb.

BMT-nin Dövlət Qulluğu Forumu Mərkəzi Asiyada ilk dəfədir keçirilir. İyunun 23-də – BMT-nin Dövlət Qulluğu Günündə Səmərqənddə işə başlayan bu mötəbər tədbir iyunun 25-dək davam edəcək. Tədbirdə BMT, digər beynəlxalq təşkilatlar və xarici ölkələrdən 400-ə yaxın nümayəndə iştirak edir.

Builki tədbir “2030-cu ilə qədər beş il: Davamlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” mövzusunda keçirilir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbir iştirakçılarına müraciətində dövlət idarəçiliyinin rəqəmsal transformasiyası, bu sahədə innovativ həllərin tətbiqi, liderliyin inkişafı, fasiləsiz təhsilin genişləndirilməsi və gələcək liderlərə lazım olan bacarıqların müəyyənləşdirilməsi kimi sahələrdə beynəlxalq təcrübə mübadiləsinin aktuallığını vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Özbəkistanda son illər “bu sahənin həqiqi inklüziv dövlət qulluğuna çevrilməsi üçün sistemli islahatlar aparılır. Beynəlxalq ekspertlərlə birlikdə “Dövlət qulluğu haqqında” qanun layihəsi hazırlanıb. “İslahatların hər bir evə çatması üçün məhəllə kontekstində iş sistemi tətbiq edilib, ünvanlı dəstək və sosial müdafiə institutu gücləndirilib. Dövlət idarəçiliyində qadınların xüsusi çəkisi 35 faizə çatıb, bu sahədə ölkəmiz regionda aparıcı yer tutur”, – deyən Şavkat Mirziyoyev vurğulayıb ki, hazırda ölkədə “vahid pəncərə” prinsipi əsasında 700-dən çox dövlət xidməti onlayn rejimdə fəaliyyət göstərir.

Dövlət başçısı əlavə edib ki, dövlət qulluğu və idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması nəticəsində Özbəkistan son bir ildə BMT-nin elektron hökumətin inkişafı üzrə qlobal reytinqində 24 pillə, həmçinin beynəlxalq süni intellektə hazırlıq indeksində 17 pillə yüksəlib. Onun sözlərinə görə, bu təşəbbüslər hökumətlər, innovatorlar və inkişaf tərəfdaşları arasında mübadilənin aktivləşdirilməsi, dövlət qulluqçularının gələcək nəsillərinin maarifləndirilməsi, idarəetmədə və gündəlik həyatda rəqəmsal alətlərdən istifadə edilməsi, dövlət sektorunda innovasiyaların tətbiqi üçün böyük imkanlar açır.

“Əminəm ki, bu forum çərçivəsində belə mühüm təşəbbüslər və təkliflər qəbul olunacaq. Səmərqənd Bəyannaməsində bunlar tam şəkildə öz əksini tapacaq və bu mühüm sənəd inklüziv, davamlı və insan amilinə əsaslanan dövlət qulluğuna nail olmaq üçün birgə fəaliyyət proqramına çevriləcək”, – deyə Şavkat Mirziyoyev təbrikini yekunlaşdırıb.

Exit mobile version