Orta Dəhliz Azərbaycanın iqtisadi inkişafına təkan verəcək

Tokio, 3 dekabr , /AJMEDIA/

Marşrutun Azərbaycan üzərindən keçməsi həm də ölkəmizə siyasi zəmanət qazandıracaq

Müasir dünyada iqtisadi inkişafı nəqliyyatsız və logistikasız təsəvvür etmək mümkün deyil. Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi onun tranzit potensialını artırır. Beynəlxalq ekspertlərin proqnozuna əsasən, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bu həcmin 10 faizi Azərbaycan üzərindən daşınsa, hər il büdcəyə 3-3,5 milyard dollar daxil olacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev dünyada cərəyan edən prosesləri düzgün qiymətləndirərək qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayır və Azərbaycanı qitələr arşındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevirməyə çalışır ki, bu da tam real iqtisadi siyasətdir. Orta Dəhlizin marşrutuna baxsaq, bu reallığın nədən ibarət olduğunu görərik: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı, istehsal potensialı, nəhəng insan resursu və digər amillər gələcəkdə onu dünyanın 1 nömrəli böyük iqtisadi qüdrətə malik olan dövlətinə çevirəcək.
Bu gün təkcə Çin ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450 milyard dollardan çoxdur. Yüklərin Çinin cənubundakı limanlardan Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Süveyş kanalı və Cəbəllütariq boğazından keçərək Avropaya gedir. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına olduqca gec çatdırır və onlarla gömrük rəsmləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalır. Dəniz quldurları, fırtınalar və digər təhlükəsizlik məsələlərini də nəzərə alsaq, Orta Dəhlizin nə qədər əhəmiyyətli olduğunu görərik. Orta Asiya respublikalarının, Türkiyə və Şərqi Avropa dövlətlərinin də bu layihəyə maraq göstərmələri təsadüfi xarakter daşımır. Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bu məsələ barədə fikirlərini belə ifadə edib: “Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, – hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, – Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Orta və Şərq-Qərb dəhlizlərinin daha əhatəli olması üçün böyük zəmin yaradıb. Azad olunan ərazilərdə hava limanları, magistral yollar və digər nəqliyyat infrastrukturları yaradılıb ki, bütün bunlar ölkəmizin gələcək iqtisadi inkişafı üçün təməl rolunu oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi yaratmaq və bu istiqamətdə atdığı addımlar da Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa nəqliyyat dəhlizinin əsasını təşkil etmək üçündür.
Nəzərə çatdıraq ki, bu marşrutun Azərbaycandan keçməsi iqtisadi inkişafa böyük təkan verəcək. Beynəlxalq əhəmiyyətli şirkətlərin və nüfuzlu dövlətlərin yükləri ölkəmizin üzərindən daşınacağı təqdirdə burada texniki xidmət sahələri, iri şirkətlərin nümayəndəlikləri yaradılacaq. Bu isə yeni iş yerləri və əhalinin sosial vəziyyətinin daha da yüksəlməsi deməkdir. Ən başlıcası isə dəhlizin Azərbaycan üzərindən keçməsi həm də ölkəmizə siyasi zəmanət qazandıracaq. Yükləri Azərbaycandan keçən həm Avropa, həm də Asiya dövlətləri, transmilli korporasiyalar, iri bizneslə məşğul olan şirkətlər ölkəmizdə daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Beynəlxalq siyasi arenada rəsmi Bakının mövqeyi həmişə müdafiə olunacaq.
Bu gün dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir. Prezident İlham Əliyevin beynəlxalq nəqliyyat dəhlizlərinə xüsusi diqqət ayırmasının əsasında dayanan amil ondan ibarətdir ki, Azərbaycan logistika və tranzit mərkəzinə çevrilsin. Bu amil dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rol oynaması onun qlobal iqtisadiyyata daha səmərəli inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də impuls verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts